Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün müsəlman dünyasının birlik və bərabərliyə ehtiyacı var. Prezident İlham Əliyevlə görüşdə o da vurğuladı ki, müsəlman aləminin birlik olması, bərabər olması lazımdır. Bunun göstəricilərindən biri də Seyid Yəhya Bakuviyə həsr olunmuş tədbirdir. Belə tədbirlər milli və mənəvi dəyərlərə sahib çıxmaq deməkdir.
AZƏRTAC-a açıqlamasında bunu Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov deyib.
O bildirib ki, məhz Bakuvi kimi alimlərin sayəsində həmin irsə sahib çıxmaq və gələcək nəsillərə birlik və bərabərlik dəyərlərini çatdırmaq ümidindədir.
“Biz bu coğrafiya olaraq dinimizlə və milli mənəviyyatımızla çox zəngin bir toplum olmuşuq. Bizim toplumda müsəlmanlar da, qeyri-müsəlmanlar da, bütün insanlar dinindən, rəngindən, irqindən seçilmədən bir bölgədə qardaşcasına yaşayıblar”, - deyə müfti vurğulayıb.