Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
Bakı, 28 oktyabr, AZƏRTAC
İntensiv yağıntılar və güclü sel nəticəsində zədələnmiş yol infrastrukturunun bərpası istiqamətində tədbirlər çərçivəsində Qaradağ rayonunda yeni körpünün tikintisi başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində güclü sel sularının təsiri nəticəsində dağılmış körpünün əvəzinə yeni, biraşırımlı körpü inşa edilib.
Layihə çərçivəsində yararsız vəziyyətə düşmüş körpü qurğusu yenisi ilə əvəz olunub və yolun həmin hissəsində nəqliyyat infrastrukturunun bərpası təmin edilib.
Yeni körpünün inşası avtomobil yolunun dayanıqlığının artırılması, nəqliyyat əlaqəsinin etibarlılığının təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.