Cəlilabadda iki kənddə yeni məktəb binası istifadəyə verilib
Cəlilabad, 15 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlanması ilə əlaqədar Cəlilabad rayonunun Kövüzbulaq və Musalı kənd tam orta ümumtəhsil məktəblərində yeni məktəb binalarının açılışı olub.
Məktəblərin açılış mərasimlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbi 180 şagird yerlik, ikimərtəbəli yeni binadan ibarətdir. Burada 15 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Məktəbin 288 kvadratmetr sahəsi olan qapalı idman zalı ilə yanaşı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi salınıb. İçməli su və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq su anbarları da quraşdırılıb.
Musalı kənd tam orta ümumtəhsil məktəbi üçün də 180 şagird yerlik yeni bina inşa olunub. İkimərtəbəli məktəbdə 9 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcək.
Məktəbdə 292 kvadratmetr sahəyə malik qapalı idman zalı, müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi yaradılıb. İçməli su və yanğın təhlükəsizliyi üçün su anbarları da istifadəyə hazır vəziyyətə gətirilib.
Yeni məktəb binalarının istifadəyə verilməsi ilə hər iki kənddə şagirdlərin daha müasir, təhlükəsiz və əlverişli təhsil mühitində oxuması üçün şərait yaradılıb.
Müxbir - İlkin Adıyev