Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH
Bakı, 17 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının regionun gələcəyi baxımından əhəmiyyətini bir daha ön plana çıxardı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O bildirib ki, Azərbaycan uzun illər ərzində ərazilərinin işğalı, humanitar fəlakətlər və beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin uzun müddət icra olunmaması beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların və qərarların icrasına dair mexanizmlərin zəifliyinin bariz nümunəsidir.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ilin sentyabrında isə həyata keçirilən antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu hadisələr ölkənin gələcək inkişafı, milli təhlükəsizliyi və regionda yeni siyasi reallıqların formalaşması baxımından mühüm mərhələ təşkil edir.
"Dövlətimizin başçısının çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın müharibədən sonra sülhün təmin edilməsinə üstünlük verməsidir. Azərbaycanın Ermənistanla sülh münasibətlərinin qurulmasına yönəlmiş mövqeyi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, əldə edilmiş sülhün qorunması qarşılıqlı etimadın möhkəmləndirilməsini, öhdəliklərə əməl olunmasını və regional əməkdaşlığın genişləndirilməsini tələb edir.
Azərbaycanın coğrafi mövqeyi də bu prosesdə ölkəyə xüsusi rol qazandırır. Asiya ilə Avropanı birləşdirən nəqliyyat və logistika marşrutlarının inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi region ölkələri arasında qarşılıqlı asılılığı və əməkdaşlıq imkanlarını artırır", - deyə Ə. Məhərrəmzadə vurğulayıb.