Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi
Bakı, 16 oktyabr, AZƏRTAC
“Təxəyyülün köçəri ocağı” sərgisinin kuratorları ekspozisiya üçün əsərlərin seçilməsinə xüsusi diqqətlə yanaşıb və mənə bir neçə onillik əvvəl – 1970-ci illərin sonu və 1980-ci illərdə yaratdığım işləri təqdim etməyi təklif ediblər. Bunlar yaradıcılığımın erkən dövrünə aid şəxsi əsərlərimdir. Həmin vaxt mən hələ gənc, yaradıcılığa yeni başlayan rəssam idim. Bu əsərlərdə səmimiyyət, istilik və dərin hisslər əksini tapıb.
Bunu Azərbaycanın Əməkdar rəssamı İnna Kostina AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Onun sözlərinə görə, sərgidə nümayiş olunan əsərlər daim aktual qalan əbədi mövzulara – sevgiyə, kişi ilə qadın arasındakı münasibətlərə, eləcə də həyata və ətraf aləmə baxışa həsr olunub.
“Əvvəlcə bu işlər irihəcmli rəsm əsərləri üçün eskiz kimi nəzərdə tutulmuşdu. Lakin onların hər biri müstəqil bədii dəyərə malikdir. Mənim üçün önəmli olan budur ki, sərginin kuratorlarının sayəsində onilliklər sonra erkən dövr əsərlərimə yenidən qayıtmaq və onlara tamam başqa gözlə baxmaq imkanı yarandı. Bu, mənə yalnız öz yaradıcılığımı yenidən dəyərləndirməyə deyil, həm də vaxtilə bu əsərləri yaratmağa məni ruhlandıran hissləri və yaşantıları yeni şəkildə duymağa imkan verdi”, – deyə İ.Kostina qeyd edib.