Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artaraq iyunun sonuna 85,8 milyard dollara çatıb. Bu məbləğ ÜDM-in 125 faizdən çoxdur və geniş pul kütləsinin təxminən 400 faizini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində deyib.
O bildirib ki, 2025-ci ildə xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 79,8 faiz təşkil edib.
“Enerji qiymətləri iqtisadiyyata istiqaməti fərqli olan üç kanal vasitəsilə təsir edir. Birincisi, neftin qiymətinin 10 dollar artması birbaşa olaraq cari hesabın profisitinin təxminən 1,2 milyard dollar, qazın hər min kubmetrinin qiymətinin 50 dollar artması isə təxminən 900 milyon dollar məbləğində artmasına səbəb olur. İkinci kanal əks istiqamətdə təsir göstərir. Azərbaycanın qeyri-neft idxalının təxminən 80 faizi enerji idxal edən ölkələrin payına düşür. Bu səbəbdən neftin qiymətinin 10 faiz bəndi artması ticarət tərəfdaşlarımızda inflyasiyanı təxminən 0,67 faiz bəndi yüksəldir. Bu halda nominal effektiv məzənnə inflyasiya təzyiqinin əhəmiyyətli hissəsini cilovlayır. Üçüncü kanal isə strateji aktivlərin dəyərinin dəyişməsinə bağlıdır. Üç kanalın təsirini ümumiləşdirsək, təsirin müsbət olduğu aydın görünür.
Pul siyasəti çərçivəsi üç əsas sütuna əsaslanır. Məzənnə sabitliyi əsas nominal lövbər rolunu oynayır. Məzənnənin dominant transmissiya kanalı olduğu şəraitdə sabit məzənnə idxal inflyasiyasının əhəmiyyətli hissəsini neytrallaşdırır. Bu şəraitdə inflyasiya gözləntiləri isə 4±2 faiz bəndi diapazonu daxilində qalır. İkincisi, daimi imkan alətləri ilə birlikdə faiz dəhlizi pul siyasəti qərarlarının proqnozlaşdırıla bilən şəkildə ötürülməsini təmin edir. Üçüncü sütun bufer ehtiyatdır”, - deyə Taleh Kazımov əlavə edib.