MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir
Bakı, 16 oktyabr, AZƏRTAC
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual sərgi hazırlanıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yolda Ümummilli Lider Heydər Əliyevin mühüm rolu, Prezident İlham Əliyevin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasına, beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfə, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi, dövlətçilik ənənələrinin qorunması və müstəqil Azərbaycanın inkişaf mərhələləri öz əksini tapıb.
Sərgidə Azərbaycanın müstəqillik tarixini, milli dövlətçilik ideyalarının formalaşmasını, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafını əks etdirən nəşrlər nümayiş olunur. Bunlardan “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Müstəqil Vətənin memarı”, “Müstəqil dövlətimiz və parlamentimiz”, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır”, “Müstəqilliyin çətin yolu, reallıqlar, düşüncələr”, “Müstəqilliyə gedən yol”, “Müstəqil Azərbaycan”, “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” və başqalarını qeyd etmək olar.
MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İki həftə davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.