AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Asiyada təhlükəsizlik dialoqu üçün mühüm platforma olan bu formatın effektivliyini artırmaq səyləri kimi qəbul edilməlidir. Məsələ burasındadır ki, ilk başdan AQEM Asiyanın təhlükəsizlik dialoqu forumu kimi nəzərdə tutulurdu. Yarandığı gündən uzun illər keçməsinə baxmayaraq, onun əsas məqsədi dəyişməz olaraq qalır. Bu fonda təəssüf doğuran odur ki, öz regionlarında və ya coğrafi ərazilərində təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş bir sıra strukturlar həmin vəzifələri yerinə yetirə bilməyib. Xüsusilə, AQEM-in Avropa analoqu olan ATƏT (əvvəllər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adlanırdı) Qarabağ münaqişəsini lazımi səviyyədə həll edə bilməyib və onun həllinə heç bir töhfə verməyib. Bundan əlavə, bu strukturun, xüsusən də Minsk Qrupunun fəaliyyəti münaqişənin dondurulması, onun uzadılması və Azərbaycan ərazilərinin tədricən ələ keçirilməsinə yönəlmişdi. Bu acı təcrübədən müvafiq nəticələr çıxarmaq və onun təkrarlanmaması üçün mümkün olan hər şeyi etmək lazımdır.
Bu fikirləri AZƏRTAC ilə politoloq İlqar Vəlizadə bölüşüb.
O qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın işğal maşınının Azərbaycan ərazilərində otuz il ərzində törətdiyi vəhşiliklərin tarixindən danışarkən beynəlxalq hüququn tətbiq olunmadığına diqqət çəkib. “Bu, Ermənistanın qanunsuz hərəkətlərini davam etdirməsinə və onu dəstəkləyən ölkələrin baş verənlərə görə daha çox məsuliyyət daşıdıqları halda, özlərini cəzasız hiss etmələrinə imkan verib. Ermənistanın Azərbaycan ərazilərini işğal etmək planlarına dəstək verənlər də məhz onlar olub. Lakin Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, hətta bu şəraitdə belə, Azərbaycan öz ərazi bütövlüyünü və ədaləti bərpa edə, işğalçıları öz torpaqlarından qovub çıxara bilib. Sözsüz ki, bu tarix təkrarlanmamalıdır. Müxtəlif təşkilatların nizamnamələrinin aydın müddəalarına baxmayaraq, planetin müxtəlif guşələrində davam edən münaqişələrə görə məsuliyyət daşıyanlar da daxili işlərə müdaxiləni, işğalı və beynəlxalq hüququn digər pozuntularını fundamental olaraq qiymətləndirməyən, onları gözardı edən ölkələr və dairələrdir. Problemlərin kökü də buradadır və Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdiyi kimi, onları yalnız beynəlxalq hüququn müddəaları ilə həll etmək mümkün deyil. Qətnamələrin və baza müddəalarının həyata keçirilməsi üçün real mexanizmlər lazımdır”, - deyə İlqar Vəlizadə izah edib.
Avropa Şurası və ya Avropa Parlamenti kimi Ermənistanı hərfi və ya məcazi mənada dəstəkləyən strukturlara gəldikdə, politoloq əlavə edib ki, onlar şifahi şəkildə beynəlxalq hüquqa və ATƏT Nizamnaməsinə sadiq olduqlarını bəyan etsələr də, əslində, həmin fundamental qanunlara zidd hərəkət ediblər. “Azərbaycan Prezidenti bu cür təcrübələrin qəbuledilməzliyini vurğuladı və nüfuzlu strukturların, ölkələrin və siyasi dairələrin müqavimətinə baxmayaraq, ədalətin həmişə qalib gəldiyini bir daha təkrarladı. AQEM də məhz Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Müəllif – Leyla Muradzadə