Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib və uşaq qatilidir. Nədənsə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın adı nadir hallarda çəkilir. Lakin Qərbdə bir çoxları Xocalı soyqırımının məhz onun hakimiyyəti dövründə törədildiyini, yüzlərlə Azərbaycan vətəndaşının qətlə yetirildiyini və yaralandığını unudurlar. O, buna görə məsuliyyət daşımalıdır. Eyni zamanda, həmin ölkənin sonrakı prezidentləri də məsuliyyətə cəlb olunmalıdırlar. Təəssüf ki, müharibə caniləri olmalarına rəğmən, onlar törətdikləri əməllərə görə hələ də cəzalarını almayıblar.
Bu barədə politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov AZƏRTAC-a şərhində bildirib.
Agentliyin həmsöhbəti vurğulayıb ki, separatizm heç yerdə qəbul edilmir. Hətta
demokratik dəyərləri ilə daim öyünən Avropada belə, separatizmin təzahürlərinə böyük qısqanclıqla yanaşılır. “Belə nümunələr çoxdur. Məsələn, İspaniya, Böyük Britaniya və digər Avropa ölkələrində. Avropa Şurası, Avropa Parlamentinə gəldikdə isə, Azərbaycan Prezidenti çıxışında düzgün qeyd etdiyi kimi, bu, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmdir. Yəni baş verənlərə məhəl qoymamaq, hər şeyə açıq şəkildə göz yummaq, əraziləri otuz ildir işğal altında olan Azərbaycanı günahlandırmaq və hətta anti-Azərbaycan qətnamələri qəbul etmək deməkdir. Baş verənlərin mahiyyəti də bundan ibarətdir. Biz tamamilə haqlı və əsaslandırılmış şəkildə, beynəlxalq hüquqa uyğun olaraq 44 gün ərzində suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. Bu, görünməmiş bir haldır. Avropada yenidən ah-nalə çəkməyə başladılar. Bizi bir daha mülki şəxsləri, erməniləri Qarabağ ərazisindən qovmaqda ittiham edirlər, baxmayaraq ki, bu, həqiqətə qətiyyən uyğun deyil. Bu qurumlar hələ də Azərbaycanı hədəf alır və qətnamələr qəbul edir. Buna görə də belə bir vəziyyətdə hərbi potensialımızın və ölkənin təhlükəsizliyinin gücləndirilməsi əlbəttə ki, bizim əsas prioritetimizdir. Məhz bu baxımdan Prezident ölkəmizə qarşı həyata keçirilən hər hansı təxribatı dəf etməyə daim hazır olmağın vacibliyini olduqca haqlı olaraq qeyd etdi”, - deyə politoloq sözlərini yekunlaşdırıb.
Müəllif – Leyla Muradzadə