Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım
Bakı, 16 oktyabr, AZƏRTAC
2026-2027-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülən tələbələrdən biri də Ayxan Babazadədir. O, Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil alır. Uşaqlıqdan texniki fənlərə maraq göstərən Ayxan gələcəkdə hüquqşünas olmaq qərarını orta məktəbdə oxuyarkən verib. Ətrafındakı bəzi insanların bu seçiminin çətin olduğunu düşünməsinə baxmayaraq, məqsədinə çatmaq üçün əzmlə çalışıb. Ayxan Babazadə AZƏRTAC-a müsahibəsində Prezident təqaüdünə layiq görülmək arzusundan, hüquq ixtisasını seçməsinə təsir edən amillərdən, abituriyentlik dövründə qazandığı təcrübədən və gələcək hədəflərindən danışıb.
Ayxan üçün Prezident təqaüdünə layiq görülmək abituriyentlik dövründə qarşısına qoyduğu əsas məqsədlərdən biri olub. Buraxılış imtahanında 300 bal topladıqdan sonra arzuladığı gələcəyi təsəvvür edib və bu hədəfinə çatacağına inanıb. X sinifdə oxuyarkən atasının onu hüquqşünas kimi görmək arzusunu dilə gətirməsi gələcək seçimində mühüm rol oynayıb.
“Atam hüquqşünas olmağımı istədiyini, bunun onu çox sevindirəcəyini dedi. Eyni zamanda, son qərarı özümə buraxdı. Bu, hüququ seçməyimdə ən böyük motivasiya mənbəyi oldu. Qərarım qəfil dəyişdiyi üçün ətrafımdakı bir çox insan buna etiraz etdi, bacarmayacağımı söylədi. Ancaq çox çalışaraq məqsədimə çatdım. Düşünürəm ki, bu hekayəm bir çox gəncə motivasiya verə bilər. Ətrafınızdakı heç kim sizə inanmasa belə, özünüzə inanın. Bu, qərar vermək və məqsədə doğru çalışmaq yolunda atılmalı ilk addımdır. Bu yolda uğur qazanmağımda öz zəhmətimlə yanaşı, ailəmin və müəllimlərimin də böyük rolu var. Onların mənim üzərimdəki əməyi və dəstəyi əvəzsizdir. Buna görə də əldə etdiyim nəticəni yalnız şəxsi uğurum deyil, həm də onların zəhmətinin bəhrəsi hesab edirəm. Universitet seçimi ilə bağlı isə geniş araşdırma apardıqdan sonra Bakı Dövlət Universitetində təhsil almağa qərar verdim.
Prezident təqaüdünə layiq görülmək mənim üçün həm maddi, həm də mənəvi baxımdan əhəmiyyətlidir. Bir tərəfdən, bu təqaüd maddi cəhətdən daha müstəqil olmağıma imkan yaradır, digər tərəfdən isə zəhmətimin qiymətləndirildiyini görmək və özümü Prezident təqaüdçüləri sırasında hiss etmək mənə böyük sevinc verir”, -deyə o bildirib.
Ayxan Babazadə düşünür ki, abituriyentlərin imtahan zamanı yol verdikləri əsas səhvlərdən biri həyəcanı və vaxtı düzgün idarə edə bilməməkdir. Onun fikrincə, bu çətinliklərin öhdəsindən gəlmək üçün çoxlu məşq etmək, sınaq imtahanlarında iştirak etmək və vaxt bölgüsünə diqqət yetirmək vacibdir.
Müsahibimiz qeyd edib ki, məktəb illərinə qayıtmaq imkanı olsaydı, ədəbiyyat və tarix kimi humanitar fənləri əzbərləməklə kifayətlənməz, onların mahiyyətini daha dərindən öyrənməyə çalışardı. Onun fikrincə, bu fənlərə yanaşarkən hadisələrin səbəb və nəticələrini anlamaq, öyrənilən məlumatları təhlil etmək və onlar arasında əlaqə qurmaq vacibdir. Məlumatları sadəcə yadda saxlamaq əvəzinə, onların məntiqini dərk etmək biliklərin daha uzun müddət yadda qalmasına, təhliletmə bacarığının inkişafına və dünyagörüşünün genişlənməsinə kömək edir.
Müxbir-Nərmin Muradzadə