2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3 faiz olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.
Bildirilir ki, inflyasiya üzrə risklərin fiskal müstəviyə təsiri qiymətləndirilərkən əsasən qiymət səviyyəsindəki dəyişikliklərin nominal ÜDM-ə, büdcə gəlirlərinə və fiskal göstəricilərin ÜDM-ə nisbətinə mümkün təsiri nəzərə alınıb. Bu çərçivədə inflyasiyanın baza proqnozundan kənarlaşmasının müxtəlif ehtimal intervalları üzrə trayektoriyası müəyyən edilib və həmin dəyişikliklərin ortamüddətli fiskal göstəricilərə təsiri hesablanıb. İnflyasiya riski üzrə ssenarilər baza ssenaridən müsbət və mənfi istiqamətdə 0,4, 0,8, 1,1 və 1,5 faiz bəndi kənarlaşmalar əsasında qiymətləndirilib.
2027-ci ildə baza ssenari ilə müqayisədə müxtəlif inflyasiya ssenarilərində qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin müvafiq olaraq 0.1-0.4 faiz bəndi intervalında dəyişməsi gözlənilir.
Gələn il baza ssenari ilə müqayisədə müxtəlif inflyasiya ssenarilərində icmal büdcə balansının 0.1-0.3 faiz bəndi intervalında dəyişməsi gözlənilir.