Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
Bakı, 16 oktyabr, AZƏRTAC
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədilə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif olunur.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihə ilə Qanunun 21.17-ci və 21.18-ci maddələrinə edilən dəyişikliklərə əsasən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qanunun 24-cü maddəsinə təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Layihə ilə təklif olunan digər dəyişiklik məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlıdır. Beləliklə, Qanun layihəsinin qəbulu ədliyyə orqanlarının tibb xidmətinin fəaliyyətinin daha səmərəli təşkilinə, həmin sahədə xidmət keçən hərbi qulluqçuların hüquqi statusunun dəqiq müəyyən edilməsinə, xüsusi rütbələrin verilməsi sahəsində vahid hüquqi mexanizmin formalaşdırılmasına və hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Fotoqraf - Aydın Məmmədov