Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan diplomatik fəallığının, qitələrarası əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına verdiyi töhfələrin növbəti mühüm göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib.
O qeyd edib ki, müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız hərbi-siyasi məsələlərlə məhdudlaşmır. İqtisadi dayanıqlılıq, hüquqi təminatlar, enerji və yükdaşımaların təhlükəsizliyi, ekoloji məsuliyyət, rəqəmsal inkişaf və humanitar əməkdaşlıq dövlətlərarası etimadın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan, Bakı Zirvəsinin gündəliyi və qəbul edilən qərarlar xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət, irəli sürdüyü regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq dialoqa verdiyi önəm Bakının müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərin bir araya gəldiyi mühüm müzakirə məkanına çevrilməsində əhəmiyyətli rol oynayır. Bu yanaşma Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və regional problemlərin dialoq yolu ilə həllinə verdiyi töhfələri bir daha ön plana çıxarır. Zirvə Görüşünün yekununda Bakı Bəyannaməsinin qəbul olunması və Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il uzadılması ölkəmizə göstərilən beynəlxalq etimadın institusional ifadəsi kimi dəyərləndirilə bilər. Bu qərarlar, eyni zamanda, Azərbaycanın çoxtərəfli əməkdaşlığın təşəbbüskarlarından biri olduğunu və beynəlxalq platformalarda fəal rol oynadığını nümayiş etdirir”, - deyə QHT sədri qeyd edib.
A.Bağırova belə beynəlxalq platformaların nəticələrinin cəmiyyətin gündəlik həyatı baxımından qiymətləndirilməsinin vacibliyinə diqqət çəkib. Bildirib ki, dövlətlərarası etimadın güclənməsi iqtisadi imkanların genişlənməsinə, investisiya mühitinin yaxşılaşmasına, hüquqi əməkdaşlığın dərinləşməsinə, eləcə də təhsil və maarifləndirmə təşəbbüslərinin inkişafına xidmət edə bilər. Bu proseslərdə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı da xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın genişlənməsi yalnız dövlətlər arasında siyasi və iqtisadi münasibətlərin inkişafı ilə məhdudlaşmamalı, həm də cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, hüquqi və iqtisadi biliklərin artırılmasına, ortaq təşəbbüslərin reallaşdırılmasına şərait yaratmalıdır. Bu baxımdan, vətəndaş cəmiyyəti institutlarının maarifləndirmə fəaliyyətləri beynəlxalq səviyyədə əldə olunan razılaşmaların cəmiyyət üçün əhəmiyyətinin daha aydın anlaşılmasına töhfə verə bilər.
Arzu Bağırova əminliyini ifadə edərək bildirib ki, Bakı Zirvəsinin yaratdığı imkanlar Asiyada sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq səylərinə yeni təkan verəcək, Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə və ölkəmizin beynəlxalq dialoq və etimad məkanı kimi mövqeyinin möhkəmlənməsinə töhfə olacaq.