Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyinin (IEA) İdarə Heyəti beynəlxalq enerji təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib və qlobal enerji bazarlarında mövcud çətinliklərin aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsinə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə IEA məlumat yayıb.
Bildirilir ki, IEA Katibliyinin son qiymətləndirmələrinə əsasən, neft bazarlarında, xüsusilə dizel yanacağı üzrə təklif məhdud olaraq qalır. Bu baxımdan oktyabrın 2-də “Böyük yeddilik” (G7) tərəfindən qəbul edilmiş bəyanata uyğun olaraq, enerji bazarlarında yaranan problemlərin həlli üçün əlavə addımların atılması nəzərdə tutulur.
İdarə Heyəti, həmçinin Hörmüz boğazında yaranmış böhrana cavab olaraq 2026-cı ilin martında razılaşdırılmış birgə tədbirlərin icrasını davam etdirmək öhdəliyini təsdiqləyib. Bildirilib ki, indiyədək təxminən 330 milyon barel neft ehtiyatı bazara çıxarılıb. Qalan təxminən 100 milyon barelin milli şərait nəzərə alınmaqla, vaxtında bazara çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə razılıq əldə olunub.
Bəzi üzv ölkələrin mart ayında ilkin öhdəliklərindən daha çox neft ehtiyatını bazara çıxardığı, digər ölkələrin də bu addımı atmağı planlaşdırdığı qeyd edilib. Nəticədə bazara çıxarılacaq ehtiyatların ümumi həcminin ilkin nəzərdə tutulan 400 milyon bareli ötəcəyi gözlənilir.
İdarə Heyəti qalan ehtiyatların bazara çıxarılmasının sürətləndirilməsinə də razılıq verib. Bu çərçivədə mümkün qədər tez, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının bazara çıxarılması planlaşdırılır.
Bununla yanaşı, neft hasilatı və emalı imkanlarına malik üzv ölkələr xam neft və emal olunmuş neft məhsullarının, xüsusilə dizel yanacağının təklifini artırmağa çağırılıb. Enerji ticarətinin sərbəst həyata keçirilməsinin vacibliyi də vurğulanıb.
IEA Katibliyi mart ayında razılaşdırılmış birgə tədbirlərin tam icrası istiqamətində irəliləyişi izləməyə davam edəcək. Katiblik yenilənmiş neft bazarı qiymətləndirməsi, xüsusilə dizel yanacağı bazarındakı vəziyyət əsasında zəruri əlavə tədbirlər barədə G7 liderlərini və IEA-nın İdarə Heyətini məlumatlandıracaq.