Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan musiqi sənətinin görkəmli simalarından biri, böyük sənətkar, mahir tarzən Ramiz Quliyevin vəfatından bir il ötür. Onun oğlu, yetirməsi və tələbəsi olaraq bu barədə danışmaq mənim üçün olduqca ağırdır. Ramiz Quliyevin vəfatı Azərbaycan musiqi mədəniyyəti üçün böyük itkidir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev söyləyib.
Onun sözlərinə görə, İkinci Fəxri xiyabanda görkəmli tarzənin qəbirüstü abidəsinin açılışı sənətkarın xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
“Abidədə Ramiz müəllimin tarı sinəsində məğrur və əzəmətlə tutması xüsusi məna daşıyır. Onun tarı özünəməxsus duruşla, qürurla saxlaması hər zaman yaddaşımızda yaşayacaq. Düşünürəm ki, bu əzəmətli duruş həm sənətkarın şəxsiyyətini, həm də milli musiqi alətimiz olan tarın ucalığını təcəssüm etdirir. Bu baxımdan həmin abidəni yalnız Ramiz Quliyevin xatirəsinə deyil, bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılmış abidə kimi qiymətləndirirəm”, – deyə Əyyub Quliyev vurğulayıb.