Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Son 23 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda, güclü liderliyin əhalisinin sayı və coğrafi ərazisi baxımından böyük olmayan bir ölkəni beynəlxalq münasibətlər sistemində aparıcı mövqelərdən birinə yüksəltmək imkanlarını aydın görmək mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 23 il ərzində Azərbaycan dünya ölkələri sırasında öz hədəflərinə uğurla çatan, siyasi və iqtisadi potensialını gücləndirən, hərbi qüdrətini artıran və qarşısında duran əsas strateji vəzifələri həyata keçirən dövlətə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
“Bu dövrdə Azərbaycan iqtisadiyyatını yeni inkişaf mərhələsinə çıxarıb, ordusunun gücünü artırıb, mövcud resurslarını ölkənin qüdrətinin möhkəmləndirilməsinə yönəldib. Bütün bunların ən mühüm nəticələrindən biri isə Azərbaycanın qarşısında dayanan əsas problemə – Ermənistanın işğalına son qoyulması olub. Azərbaycan yalnız ərazilərini işğaldan azad etməklə kifayətlənməyib, eyni zamanda, regionda və beynəlxalq müstəvidə yeni geosiyasi reallıqlar yaradıb. Ermənistanın işğalı uzun illər Azərbaycanın inkişaf imkanlarını məhdudlaşdırmaq, ölkəni müəyyən çərçivədə saxlamaq üçün istifadə edilən amillərdən biri idi. Azərbaycanın qazandığı Qələbə isə bu məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və yeni güc mərkəzi kimi formalaşmasına zəmin yaradıb”, - deyə deputat qeyd edib.
T.Gəncəliyev bildirib ki, Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində nüfuzunu artıraraq müxtəlif çoxtərəfli platformalarda fəal iştirak edən, qlobal və regional gündəmin formalaşmasına töhfə verən dövlətə çevrilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi təşəbbüslər və müxtəlif istiqamətlərdə qurduğu əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinin mühüm göstəriciləridir. Bu gün Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi proseslərində söz sahibi olan aktor kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nailiyyətlər birdəfəlik nəticələrlə məhdudlaşmır, ölkənin mövqeləri hər ötən il daha da möhkəmlənir. Xəzər hövzəsində və geniş Avrasiya məkanında Azərbaycanın rolunun artması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və regional əməkdaşlıq imkanlarının genişlənməsi ölkəmizin strateji əhəmiyyətini yüksəldir. Eyni zamanda, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş səylər regionun yeni geosiyasi və iqtisadi məkana çevrilməsi üçün imkanlar yaradır. Coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan həyata keçirdiyi siyasət və atdığı addımlarla bu iki qitə arasında əlaqələrin güclənməsinə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər qurur. Çin, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya, İran və Türk dünyası ilə əlaqələrin inkişafı Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas istiqamətlərindəndir.
Deputatın fikrincə, Asiya istiqaməti Azərbaycanın beynəlxalq siyasətində xüsusi yer tutur. Dünyanın ən böyük əhali və iqtisadi potensialına malik regionlarından biri olan Asiya ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizin xarici siyasət imkanlarını artırır. “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilməsi və müxtəlif ölkələrin dövlət başçılarının paytaxtımıza toplaşması Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi rolunu bir daha nümayiş etdirir. Bütün bu proseslər Prezident İlham Əliyevin son 23 ildə həyata keçirdiyi siyasətin və Azərbaycanın keçdiyi inkişaf yolunun mühüm nəticələridir. Ölkəmizin hərbi qüdrətinin artırılması, iqtisadi potensialının gücləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi Azərbaycanın müasir tarixində yeni mərhələ yaradıb”.
Müxbir - Səbinə Əlizadə