Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək
Astana, 15 oktyabr, AZƏRTAC
Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi (UNASTW) Baş Assambleyasının doqquzuncu iclası oktyabrın 16-da Almatıda keçiriləcək. Görüşdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan elmlər akademiyalarının rəhbərləri iştirak edəcəklər.
AZƏRTAC Qazaxıstan Respublikası Prezidenti yanında Milli Elmlər Akademiyasına istinadla xəbər verir ki, tədbir akademiyanın 80 illik yubileyinə təsadüf edir və elmi əməkdaşlığın gücləndirilməsinə, ortaq tarixi-mədəni irsimizin öyrənilməsinə yönələcək.
Görüş zamanı Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Monqolustan elmlər akademiyalarını əhatə edən Çöl sivilizasiyası, Qızıl Orda və Cuçi Ulusunun öyrənilməsi üzrə Konsorsiumun yaradılması ilə bağlı sazişin imzalanması planlaşdırılır.
Konsorsium tarixi mənbələr üzrə birgə tədqiqatlar aparacaq, arxeoloji ekspedisiyalar təşkil edəcək, vahid rəqəmsal platforma yaradacaq və akademik nəşrlər hazırlayacaq.
Türk dövrünün tarixinə, Qızıl Orda irsinə, tarixi diplomatiyaya, hüquqi ənənələrə və Böyük İpək Yolunun əlaqələrinə xüsusi diqqət yetiriləcək. Qazaxıstan Milli Elmlər Akademiyası, həmçinin 2027-2031-ci illər üçün konsorsium çərçivəsində əməkdaşlıq üçün yol xəritəsini təqdim edəcək.
Beynəlxalq Türk Akademiyasının rəhbərliyi də iclasda iştirak edəcək. Monqolustan, Tatarıstan və Başqırdıstan elmlər akademiyalarının nümayəndələri müşahidəçi qismində qeydiyyatdan keçiblər.