“Gənc istedadlar” liseyinin şagirdləri BDU-da karyera imkanları ilə tanış olublar
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün infosessiya təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şagirdlər BDU-nun Heydər Əliyev muzeyi, Faydalı qazıntılar muzeyi və “Tələbə məkanı” ilə tanış olublar.
Sonra BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşı İlkin Şərifov şagirdlərə təhsil və karyera planlaşdırılması, ixtisas seçimi və gələcək peşə istiqamətinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyəti barədə məlumat verib.
O, ixtisas seçimi zamanı şəxsi maraq və bacarıqların, fərdi potensialın, eləcə də əmək bazarının müasir tələblərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Bildirib ki, peşə seçimi yalnız təhsil istiqamətinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda düzgün məqsədlərin qoyulmasını, mövcud imkanların dəyərləndirilməsini və gələcək peşəkar inkişafın planlaşdırılmasını tələb edir.
Sonda şagirdlərin sualları cavablandırılıb.