® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən “AccessBank” ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxili ticarət və ticarətin maliyyələşdirilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə 70-ə yaxın iştirakçı, o cümlədən “AccessBank”ın 50-dən çox kiçik və orta biznes (KOB) müştərisi, dövlət qurumlarının, biznes assosiasiyalarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi sahibkarların beynəlxalq ticarət üzrə biliklərini artırmaq, ticarətin maliyyələşdirilməsi imkanları barədə məlumatlılıqlarını genişləndirmək və yerli şirkətlərin xarici bazarlara çıxışını dəstəkləmək olub.
Tədbir çərçivəsində AYİB, “AccessBank”, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələrinin iştirakı ilə təqdimatlar və interaktiv panel müzakirəsi keçirilib. Müzakirələr zamanı ticarətin maliyyələşdirilməsi alətləri, dövriyyə kapitalına çıxış, tənzimləyici yeniliklər, gömrük və logistika prosesləri, eləcə də ixracatçı və idxalçı şirkətlər üçün mövcud dəstək imkanları barədə ətraflı məlumat verilib. İştirakçılar praktiki təcrübələrini bölüşüb, beynəlxalq ticarət əməliyyatları ilə bağlı aktual məsələləri müzakirə edib və yeni işgüzar əlaqələrin qurulması üçün imkan əldə ediblər.
Ticarətin Sürətləndirilməsi Proqramı AYİB və “AccessBank” arasında Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) çərçivəsində həyata keçirilən əməkdaşlığın tərkib hissəsidir. Proqram “AccessBank”ın KOB müştərilərinin xarici və daxili ticarət və ticarətin maliyyələşdirilməsi sahəsində biliklərinin artırılmasına, həmçinin beynəlxalq ticarət əməliyyatlarında istifadə edə biləcəkləri maliyyə alətləri və dəstək mexanizmləri barədə məlumatlandırılmasına yönəlib.