Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir
Bakı, 15 oktyabr, AZƏRTAC
Hərtərəfli, əməkdaşlığa əsaslanan və dayanıqlı qlobal təhlükəsizliyin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatını (BMT) və beynəlxalq sistemi gücləndirməliyik. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi regional platformalar vasitəsilə bu fəaliyyətlər tamamlanmalı və daha sıx əməkdaşlıq tələb edən çağırışların həllinə töhfə verməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Asiyada və dünyada təhlükəsizlik məsələlərinə həsr olunmuş CGTN telekanalının panel müzakirəsində çıxışı zamanı bildirib. Müzakirə AQEM-in VII Sammiti çərçivəsində keçirilib. F.Şəfiyev çıxışında AQEM-in mövcud beynəlxalq təşkilatları əvəz etmək məqsədi daşımadığını vurğulayıb. O qeyd edib ki, bu platforma regional əməkdaşlığın gücləndirilməsinə, eləcə də dövlətlərin üzərinə götürdükləri öhdəlikləri konkret addımlarla reallaşdırmasına şərait yarada bilər. Regional əməkdaşlığın gücləndirilməsini tələb edən əsas çağırışlardan danışan Fərid Şəfiyev üç prioritet istiqaməti diqqətə çatdırıb: “Birinci istiqamət, ərazi bütövlüyü və yeni təhlükəsizlik təhdidləridir. Müasir dövrdə təhdidlər həm dövlət, həm də qeyri-dövlət aktorlarından qaynaqlanır və çox vaxt milli sərhədləri aşır. Terrorçu təşkilatların və onlarla əlaqəli qruplaşmaların fəaliyyəti bu təhdidlərlə təkbaşına mübarizənin çətin olduğunu göstərir. Buna görə də regional təhlükəsizliyə vahid yanaşmanın formalaşdırılması vacibdir. Çünki ayrı-ayrı dövlətlərin təhlükəsizliyi bütövlükdə regionun təhlükəsizliyi ilə sıx bağlıdır. İkinci istiqamət kibertəhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsidir. Kibertəhdidlər, terrorizm və radikallaşma ilə mübarizə hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar arasında daha sıx koordinasiyanı zəruri edir. AQEM və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalar praktiki əməkdaşlığın inkişafına və bu çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinə töhfə verə bilər. Üçüncü istiqamət media və informasiya məkanında əməkdaşlığın gücləndirilməsidir. Sosial medianın və süni intellektin geniş yayıldığı dövrdə informasiya manipulyasiyası dezinformasiyanın yayılmasına və gərginliyin artmasına səbəb ola bilər. Bu baxımdan media qurumları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Fərid Şəfiyev bu kontekstdə BMTMM-in təşkilatçılığı ilə keçirilən AQEM Beyin Mərkəzləri Forumunu, eləcə də bu yaxınlarda Bakının ev sahibliyi etdiyi AQEM Media Forumunu diqqətə çatdırıb və bu tədbirləri dialoqun inkişafı baxımından mühüm platformalar kimi qeyd edib. Davam edən münaqişələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə toxunan Fərid Şəfiyev güc tətbiqinin bütün mübahisələrin həlli üçün yetərli olmadığını vurğulayıb. O, diplomatiyaya üstünlük verilməsinin və beynəlxalq münasibətlərdə daha təmkinli yanaşmanın vacibliyini vurğulayaraq davamlı sülhün, sabitliyin təmin olunmasında dialoqun və danışıqların həlledici rol oynadığını qeyd edib.