Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpozium keçirilir.
AZƏRTAC xəbər verir ki, simpoziumun məqsədi şəhərsalmanın ətraf mühitə, biomüxtəlifliyə və insan sağlamlığına təsirini elmi baxımdan araşdırmaq, dayanıqlı və sağlam şəhər mühitinin formalaşdırılması istiqamətində aktual məsələləri müzakirə etməkdir.
Simpoziumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor vəzifəsini icra edən akademik İradə Hüseynova və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış ediblər.
Simpozium çərçivəsində şəhər mühiti və insan sağlamlığına molekulyar-genetik və sistemli yanaşmalar, ekoloji risklər, ətraf mühitin fraqmentasiyası, çirklənmə və səs-küy amilləri, şəhər biomüxtəlifliyi və ekosistemlərin davamlılığı kimi mövzular müzakirə olunub.
Həmçinin yaşıl infrastruktur və bioadaptiv memarlıq, sağlam və dayanıqlı şəhər modelləri, urban stres və psixi sağlamlıq problemləri, şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar diqqət mərkəzində olub.
Tədbirdə ekoloji təhlükəsiz şəhərlərin yaradılması üçün innovativ və normativ-hüquqi həllər, şəhərsalmanın biomüxtəlifliyin qorunmasına və dayanıqlı inkişafa təsiri, müasir şəhərsalmanın biotəhlükəsizlik məsələləri də nəzərdən keçirilib.
İki gün davam edəcək beynəlxalq elmi simpozium şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin, insan sağlamlığına təsir edən amillərin və sağlam urban mühitinin formalaşdırılması yollarının elmi müstəvidə müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müxbir – Tünzalə Arazlı