Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Yəmən hökuməti Taiz şəhərinin husilər tərəfindən mühasirəsinin aradan qaldırılması və humanitar fəlakətin qarşısının alınması üçün BMT-ni və Təhlükəsizlik Şurasını təcili və təsirli addımlar atmağa çağırıb.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bu barədə Yəmənin xarici işlər naziri xanım Əfra Əz-Zaubənin BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə, İnsan Hüquqları üzrə Ali Komissara, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə və BMT Baş katibinin humanitar məsələlər üzrə müavininə ünvanladığı məktubda bildirilib. Məktubda husilərin hücumlarını gücləndirməsi fonunda Taizdə humanitar vəziyyətin ciddi şəkildə pisləşdiyi vurğulanıb.
Nazir xəbərdarlıq edib ki, husilərin son eskalasiyası, Taiz şəhərində və ətraf kəndlərdə mühasirəni gücləndirməsi 4 milyondan çox insanı, o cümlədən qonşu vilayətlərdən gəlmiş məcburi köçkünləri əhatə edən humanitar fəlakət təhlükəsi yaradır.
Məktubda beynəlxalq ictimaiyyətdən birbaşa təzyiq göstərilməsi, mühasirənin dərhal aradan qaldırılması, mülki əhali və təchizat marşrutları üçün Taizin bütün giriş-çıxış yollarının açılması tələb olunub. Həmçinin ərzaq, yanacaq və içməli suya maneəsiz və davamlı çıxışın təmin edilməsinin vacibliyi qeyd edilib.