Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır
Beyləqan, 14 oktyabr, AZƏRTAC
Müasir dövrdə ideoloji risklərin sərhəd tanımadığını nəzərə alaraq, ölkəmizi xaricdən yönələn ideoloji təxribatlardan qorumaq üçün fiziki təhlükəsizliklə yanaşı, yüksək təhsil səviyyəsinin təmin edilməsi və cəmiyyətdə güclü vətənpərvərlik ruhunun qorunması mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirədə səsləndirilib.
Müşavirədə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov müşavirədə çıxış edərək, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqində səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, həmin nitq Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək inkişafın siyasi-strateji istiqamətlərini müəyyənləşdirir, milli təhlükəsizlik və inkişaf doktrinasının əsas konturlarını, eləcə də qarşıda duran başlıca vəzifələri diqqətə çatdırır.
Vurğulanıb ki, Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, milli maraqlara əsaslanan fəal siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan ölkədir. Müharibələrin, qarşıdurmaların və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühiti ilə seçilir. Ölkəmiz bu gün regionda yeni reallıqlar formalaşdıran orta güc, beynəlxalq aləmdə aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkə hesab olunur.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının üzvü Müslüm Allahverdiyev, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Yaşar Əhmədov, Əməkdar müəllim Telli Alıyeva, Vətən müharibəsi iştirakçısı Hafiz Mirzəliyev və başqaları YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrlə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycanda daxili sabitlik və əmin-amanlıq tam təmin edilsə də, ölkə xaricindən yönələn fiziki və ideoloji təzyiqlərə qətiyyətlə adekvat cavab verilir və milli təhlükəsizliyin qorunması məqsədilə qabaqlayıcı tədbirlər davamlı şəkildə həyata keçirilir.
Çıxışlarda ölkəmizin iqtisadi imkanlarının genişlənməsindən, hərbi gücünün artmasından, beynəlxalq nüfuzunun yüksəlməsindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edilib. Diqqətə çatdırılıb ki, güclü dövlət, möhkəm dövlətçilik ənənələri, sağlam cəmiyyət və savadlı, vətənpərvər gənclik Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dəyərlərin qorunması və daha da möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur.
Müxbir – Tahir Ağaməmmədov