Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
Bakı, 14 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Söz mülkünün Xaqanı” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Konfransı açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü bu il böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin keçirildiyini bildirərək, bununla əlaqədar Prezident İlham Əliyevin 2026-cı il yanvarın 28-də imzaladığı Sərəncamı xatırladıb. Sonra o, “Xaqani Şirvaninin ərəbcə poetik irsi Azərbaycan ərəbdilli poeziyası kontekstində” mövzusunda məruzə edib. R.Cümşüdlü İslamın geniş arealda yayılması ilə İslam xilafətinin tərkibinə daxil olan xalqların mədəniyyətlərinin kompleks şəkildə birliyindən yaranan İslam sivilizasiyasının inkişafında Azərbaycan alimlərinin, ədiblərinin, filosoflarının və şairlərinin böyük xidmətləri olduğunu vurğulayıb. Xaqani Şirvaninin ərəb dilində 500 beytlik ədəbi irsinin məhz ərəbdilli Azərbaycan poeziyasının kontekstində qiymətləndirilməli olduğunu deyən məruzəçi şairin ərəbdilli yaradıcılığının həm janr, həm də mövzu baxımından zəngin olduğunu, bu şeirlərdə şairin fəlsəfi, nəsihətamiz-əxlaqi fikirlərinin öz əksini tapmasını qeyd edib.
İran filologiyası şöbəsinin kiçik elmi işçisi Gülnar Quliyeva “Xaqaninin bədii lirikasında rənglər” mövzusunda məruzə edib. Məruzəçi Əfzələddin Xaqaninin Azərbaycan ədəbi mühitinin formalaşmasında da mühüm rol oynadığını bildirib. Zəngin və çoxşaxəli yaradıcılığa malik Xaqaninin “Divan”ının onun şeirlərinin toplandığı qiymətli bir xəzinə olduğunu söyləyən G.Quliyeva şairin geniş xəyal dünyasını qələmə alarkən bir çox poetik ünsürlərdən istifadə etdiyini, bu simvolik sistemdə rənglərin bədii istifadəsinin xüsusi yer tutduğunu qeyd edib.
Ərəb filologiyası şöbəsinin müdiri dosent Xumar Ələkbərova “Xaqani Şirvani - zəmanəsinin ictimai-siyasi mənzərəsini yaradan şair” mövzusunda məruzə edib. Xaqani Şirvaninin yalnız dövrünün fəlsəfi şairi olmadığını deyən X.Ələkbərova onun zəmanəsinin ictimai-siyasi reallıqlarını inikas etdirən əsərlər müəllifi olduğunu bildirib.
İran filologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Vüqar Məmmədov "Klassik Azərbaycan poeziyasında fəlsəfi təfəkkürün şahmat simvolikası vasitəsilə ifadəsi (Xaqani Şirvaninin yaradıcılığı kontekstində)" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri öz fəlsəfi və estetik baxışlarını oxucuya ötürmək üçün qədim intellektual oyun olan şahmatın terminologiyasından, fiqur funksiyalarından və oyun quruculuğu qaydalarından bədii-fəlsəfi vasitə kimi məharətlə istifadə ediblər. V.Məmmədov Xaqani Şirvaninin yaradıcılığına istinad edərək bildirib ki, şair “Xaqani, sən adi piyadəsən bil, yeddi yol keçməyin heç asan deyil” misraları vasitəsilə şahmat terminologiyasından məcazi mənada bəhrələnib. Bu yanaşma oyun taxtasındakı piyadanın irəliləyiş prosesini insan həyatının mürəkkəb mərhələləri, qarşıya çıxan sınaqlar və məqsədə çatmaq yolundakı maneələrlə dərin poetik paralelizmdə təqdim edir.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.