Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ
Stokholm, 14 oktyabr, AZƏRTAC
Sentyabrın 13-də İsveçdə ümumi seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, ölkə parlamentinin, regional və bələdiyyə şuralarının yeni tərkibləri formalaşdırılıb. Seçkilər müxtəlif hakimiyyət səviyyələrində mandat qazanan bir sıra azərbaycanəsilli siyasətçilər üçün də uğurlu olub.
Vestmanland regionunun Şurasına seçilən deputatlar arasında Çöping şəhərindən olan 25 yaşlı soydaşımız Arzu Hacıyeva da var. O, Sosial-Demokrat Partiyasını təmsil edir. Bu ilin yayında Erebru Universitetində dil, ritorika və kommunikativ liderlik ixtisası üzrə təhsilini başa vuran Arzu bələdiyyə siyasətində ikinci, regional səviyyədə isə ilk fəaliyyət müddətinə başlayır.
Arzu Hacıyevanın seçilməsi İsveç mediasının da diqqətini cəlb edib, “Sveriges Radio” onun haqqında reportaj hazırlayıb.
AZƏRTAC-ın müxbiri Arzu Hacıyeva ilə əlaqə saxlayaraq, seçilməsinin onun üçün nə ifadə etdiyini, qarşısına hansı vəzifələri qoyduğunu, eləcə də gənclərin və müxtəlif mədəni mənşəyə malik insanların İsveç siyasətindəki rolunu necə qiymətləndirdiyini öyrənib.
— Siz Vestmanland regionunun Şurasına deputat seçilmisiniz. Fəaliyyətinizdə hansı məsələləri prioritet hesab edirsiniz?
— Vestmanland üzrə Sosial-Demokrat Partiyasının yerli təşkilatının mənə belə bir etimad göstərməsi böyük şərəfdir. Bu, seçki kampaniyası zamanı qaldırdığım məsələlər üzərində işləməyi davam etdirmək imkanıdır. Xüsusilə səhiyyə sahəsinə diqqət yetirmək niyyətindəyəm.
Şübhəsiz ki, əsas prioritetim Çöping şəhərində təcili tibbi yardım şöbəsinin fəaliyyətinin qorunub saxlanılması olacaq. Regional komitələrin fəaliyyəti çərçivəsində bu məsələnin həllinə nail olmaq asan olmayacaq. Buna görə də həm regional şurada çıxışlarım zamanı, həm də “Çöpingdə təcili tibbi yardım şöbəsini xilas edək!” adlı feysbuk təşəbbüsü vasitəsilə bu məsələni daim gündəmdə saxlamaq niyyətindəyəm.
Digər mühüm istiqamət psixi sağlamlığın qorunması ilə bağlı məsələlər olacaq. Fikrimcə, Vestmanlandda psixi pozuntular diaqnozu qoyulmuş insanlara, eləcə də onların yaxınlarına dəstək göstərilməsinə kifayət qədər diqqət yetirilmir. Halbuki həmin insanların yaxınları çox vaxt yaranan çətinliklərin öhdəsindən gəlmək üçün zəruri bilik və resurslardan məhrum olurlar.
Bundan əlavə, əmək şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılması məsələləri məni, xüsusilə narahat edir. Bununla belə, fəaliyyətimi yalnız bu istiqamətlərlə məhdudlaşdırmaq niyyətində deyiləm və regionun digər aktual problemlərinin həllində də fəal iştirak etməyə hazıram.
— Sizin 25 yaşınız var və Vestmanland regionunun Şurasında deputatların gənc nəslini təmsil edirsiniz. Sizcə, gənc siyasətçilər regionun siyasi həyatına nə gətirə bilərlər?
— Gənc siyasətçilər gələcəkdir. İctimai müzakirələrdə və siyasi kursun müəyyənləşdirilməsində daha fəal iştirak etməliyik, çünki açığını desək, yaşlı nəsil bizi məyus edib.
2000-ci illərdə böyüyənlər, yəqin ki, siyasətdən məyusluq hissi ilə tanışdırlar. Biz, çox güman ki, valideynlərimizdən, nənə və babalarımızdan daha yüksək sosial və iqtisadi rifah səviyyəsinə nail ola bilməyəcək ilk nəsilik. İqlim böhranının ən ağır nəticələri ilə də məhz biz üzləşməli olacağıq. Bundan əlavə, həm sağçı, həm də solçu siyasi qüvvələrin vaxtında həll edə bilmədiyi inteqrasiya siyasəti problemləri bizə miras qalıb.
Bu çətinliklər regional səviyyədə də aktualdır. Səhiyyə sisteminin mərkəzləşdirilməsinin, xəstələrə və yaşlılara qulluq edən işçilərin qeyri-qənaətbəxş əmək şəraitinin və aşağı əməkhaqlarının şahidi oluruq. Eyni zamanda, əhalinin orta ömür uzunluğu artır və bu da səhiyyə və sosial xidmətlər sisteminin üzərinə əlavə yük qoyur.
Bizim vəzifəmiz daha təcrübəli siyasətçiləri daha qətiyyətli addımlar atmağa təşviq etmək, cəsarətli qərarlardan çəkinməməyə və zəruri dəyişikliklərin həyata keçirilməsinə vəsait ayırmağa çağırmaqdır. Mövcud çatışmazlıqlarla barışmamalı, real dəyişikliklərə nail olmalıyıq. Ümid edirəm ki, gənc siyasətçilər nəslinin töhfəsi məhz bundan ibarət olacaq.
— Azərbaycanəsilli olmağınız ictimai və siyasi baxışlarınızın formalaşmasına təsir göstəribmi?
— Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən İsveçə köçən və miqrasiya təcrübəsi olan bir çox insan ciddi sosial bərabərsizliklə üzləşir. Çox vaxt uğur qazanmaq üçün imkanlarımız daha məhdud olur, eyni zamanda, cəmiyyət bizə qarşı daha yüksək tələblər irəli sürür.
Hesab edirəm ki, köklərim bu çətinlikləri aşmağıma kömək edib. Mən kollektivliyə, qarşılıqlı yardıma və yaxınlara qayğıya böyük əhəmiyyət verilən bir mühitdə böyümüşəm. Uşaqlıqdan bizə bir-birimizə dəstək olmaq, yalnız özümüzü deyil, ətrafımızdakı insanları da düşünmək öyrədilir. Həmrəylik bizim üçün, sadəcə, bir söz deyil, tərbiyəmizin və dünyagörüşümüzün ayrılmaz hissəsidir.
Düşünürəm ki, məhz bu dəyərlər baxışlarımın formalaşmasında mühüm rol oynayıb və siyasi fəaliyyətlə məşğul olmaq qərarıma əhəmiyyətli təsir göstərib.
Eyni zamanda, mədəni mənşəyim üzərimə xüsusi məsuliyyət qoyur. Müxtəlif mədəni təcrübəyə malik insanların maraqlarını təmsil etməyi və milli, yaxud mədəni mənsubiyyətə görə ayrı-seçkiliyə yer verilməyən cəmiyyətin formalaşmasına töhfə verməyi vacib sayıram. Axı güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur. Məhz buna görə də cəmiyyətimizdə “biz” və “onlar” bölgüsünün olmamasına, yalnız “biz” anlayışının mövcud olmasına çalışıram.