“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı “AzərEnerji” ASC-də tədbir keçirilib.
“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında keçirilən tədbirdə YAP-ın Səbail rayon təşkilatının sədri, “AzərEnerji”nin İdarə Heyəti sədrinin müavini, ASC üzrə partiya təşkilatının sədri və müəssisədə çalışan YAP üzvləri iştirak ediblər.
Tədbirdə qurultayda müəyyənləşdirilən vəzifələr, ideoloji maarifləndirmə istiqamətləri, eləcə də “AzərEnerji” tərəfindən həyata keçirilən strateji enerji layihələri müzakirə olunub.
Çıxışlarda enerji sektorunda görülən və planlaşdırılan işlər, qarşıya qoyulan hədəflər, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması və digər aktual məsələlər barədə məlumat verilib.