Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Samir Rəhimov Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun (IMF) və Mərkəzi Asiya Regional Texniki Yardım Mərkəzinin (CCAMTAC) təşkilatçılığı ilə keçirilən beynəlxalq seminarda iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminar genderə həssas büdcələşmə, inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi, əmək bazarında qadınların iştirakının artırılması və iqtisadi siyasətlərin müxtəlif sosial qruplara təsirlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunub.
Tədbir çərçivəsində iqtisadi siyasətlərin hazırlanması və qiymətləndirilməsi zamanı gender amilinin nəzərə alınması, qadınların məşğulluğuna və gəlirlərinə təsirlərin təhlili, eləcə də gəlir bölgüsündə yaranan fərqlərin müəyyənləşdirilməsi üzrə praktiki yanaşmalar müzakirə edilib. İştirakçılar iqtisadi siyasətlərin yalnız ümumi makroiqtisadi göstəricilər əsasında deyil, həmçinin müxtəlif sosial qruplara təsirləri baxımından qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr beynəlxalq təcrübənin öyrənilməsi, ölkələrarası müqayisələrin aparılması və mövcud yanaşmaların milli iqtisadi reallıqlara uyğunlaşdırılması baxımından əhəmiyyətli olub.
Seminar çərçivəsində İİTKM nümayəndəsi verilmiş tapşırığa uyğun olaraq, “Azərbaycanda maliyyə inklüzivliyi: Global Findex 2024 əsasında müqayisəli təhlil” mövzusunda təqdimatla çıxış edib. Təqdimat maliyyə inklüzivliyinin qiymətləndirilməsi və bu sahədə Azərbaycanın göstəricilərinin müqayisəli təhlili mövzusuna həsr olunub.