Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığı ölkənin xarici siyasətinin fəal şəkildə inkişaf etdirilən istiqamətlərindəndir. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi yeni imkanlar yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O bildirib ki, bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər enerji, nəqliyyat, logistika, rəqəmsal transformasiya və digər sahələri əhatə edir. Bu əməkdaşlığın genişlənməsi və Azərbaycanın regional təşəbbüslərdə fəal iştirakı qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. İkitərəfli strateji tərəfdaşlıq sazişləri də münasibətlərin möhkəmlənməsinə, əməkdaşlığın ikitərəfli formatdan çoxtərəfli müstəviyə keçməsinə töhfə verir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri digər regional platformalarda da əməkdaşlığın inkişafına təsir göstərir. Bu baxımdan, MDB çərçivəsində münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın həm Mərkəzi Asiya dövlətləri, həm də MDB üzvləri ilə əlaqələri siyasi, iqtisadi, mədəni-humanitar, elmi və təhlükəsizlik sahələrini əhatə edir.
“Nəqliyyat və logistika layihələri bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Orta Dəhliz regional bağlantıların inkişafı baxımından mühüm imkanlar yaradır. Bu dəhlizlər, həmçinin iştirakçıları üçün əlavə əməkdaşlıq perspektivləri aça bilər. Eyni zamanda, Mərkəzi Asiya dövlətlərinin Orta Dəhliz vasitəsilə beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası Şimal-Cənub marşrutunun iştirakçıları üçün də yeni imkanlar formalaşdırır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri xüsusi yer tutur. Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Qırğızıstan münasibətləri bu baxımdan diqqətəlayiqdir. Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı da regional əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir”, - deyə deputat bildirib.
Azər Allahverənov vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı və MDB platformasında fəal iştirakı ölkənin regional əlaqələrinin genişlənməsinə xidmət edir. Müxtəlif istiqamətlərdə həyata keçirilən təşəbbüslər və birgə layihələr Azərbaycanla tərəfdaş dövlətlər arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsinə, Avrasiya məkanında nəqliyyat, logistika və digər sahələr üzrə əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.