Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
Pekin, 14 oktyabr, AZƏRTAC
Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) yüksəksəviyyəli müdafiə dialoqunun tarixini Birləşmiş Ştatlardakı aralıq seçkilərdən sonraya təyin etmək üçün danışıqlar aparır.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, müttəfiqlər noyabrın 3-nə təyin edilmiş ABŞ-dəki aralıq seçkilər səbəbindən təhlükəsizlik üzrə məşvərət iclasını təxirə salmaq barədə qarşılıqlı razılığa gəlib. Builki iclasa Vaşinqton ev sahibliyi etməlidir. Bununla belə, təxirəsalma ehtimalı Seul və Vaşinqton arasında müharibə dövründəki əməliyyatlara nəzarət hüququnun ABŞ-dən Cənubi Koreyaya təhvil verilməsi vaxtı ilə bağlı fikir ayrılıqlarının mövcud olduğu bir vaxta təsadüf edir. Seul müharibə dövründəki əməliyyatlara nəzarət hüququnu Vaşinqtondan Prezident Li Cemyön administrasiyasının 2030-cu ildə başa çatacaq beşillik səlahiyyət müddətindən əvvəl, hətta gələn il geri almağa çalışır. Vaşinqton isə siyasi mülahizələrə əsaslanaraq bu keçid prosesini tələsdirməklə bağlı ehtiyatlı mövqe nümayiş etdirib. Mənbələrdən biri bildirib ki, ABŞ tərəfi aralıq seçkiləri və digər amilləri nəzərə alaraq cədvəlin dəyişdirilməsi zərurətini irəli sürüb. Digər bir mənbə isə qeyd edib ki, hər iki tərəf cədvəlin təxirə salınması məsələsində həmfikirdir.
Məşvərət iclası müttəfiqlərin yüksəkvəzifəli müdafiə rəsmilərinin genişspektrli ittifaq və təhlükəsizlik məsələlərini, o cümlədən əsasən Şimali Koreyanı çəkindirməyə yönəlmiş müdafiə strategiyası və birgə hərbi hazırlığı müzakirə və koordinasiya etdikləri əsas ikitərəfli müdafiə dialoqudur. Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, qarşılıqlı olaraq uyğun tarixin müəyyən edilməsi üçün ABŞ Müdafiə Departamenti ilə danışıqlar aparılır.