Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.
Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.
Laosun üzvlüyü barədə yekun qərarın AQEM-in oktyabrın 15-də Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.