İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib
Pekin, 14 oktyabr, AZƏRTAC
Koreya Respublikasının İnçon şəhərində yerləşən İnha Universitetinin azərbaycanlı tələbələrinin interaktiv görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan görüşdə Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində, eləcə də universitetin müxtəlif ixtisaslarında təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Görüşün məqsədi tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi, onların Koreyada təhsil və sosial həyata uyğunlaşmasına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsi üçün imkan yaradılması olub. Görüşdə Azərbaycan icmasının fəal üzvü, Seul şəhərinin fəxri vətəndaşı Leyla Məsimli Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti, xaricdə yaşayan azərbaycanlı gənclər üçün həyata keçirilən layihələr və dəstək imkanları barədə məlumat verib. Soydaşımız Əzizə Hüseynzadə isə Koreyada viza növləri, yaşayış statusu ilə bağlı tələblər və universitetdaxili təqaüd proqramları haqqında iştirakçıları məlumatlandırıb.
İnteraktiv formatda keçirilən görüşdə tələbələrin sualları cavablandırılıb, onların təhsil və gündəlik həyatla bağlı fikir və təcrübələri dinlənilib. Tədbir çərçivəsində soydaşımız Günay Kərimovanın hazırladığı Azərbaycan milli mətbəxinin ənənəvi şirniyyatları təqdim olunub, tələbələr çay süfrəsi ətrafında səmimi söhbət edərək yeni tanışlıqlar qurublar.
Görüş xaricdə təhsil alan azərbaycanlı gənclər arasında həmrəyliyin möhkəmləndirilməsi və onların Koreyadakı Azərbaycan icması ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edib.