Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb
Bakı, 14 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Almatı şəhərində “Qazaxıstan və Şərq dünyasının qarşılıqlı tarixi-mədəni, siyasi-iqtisadi əlaqələri: tarix, bu gün və inkişaf tendensiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Qazaxıstanın müstəqilliyinin 35 illiyinə və R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun yaranmasının 30 illiyinə həsr olunan tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva onlayn iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın açılışında çıxış edən akademik G.Baxşəliyeva R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun kolektivini 30 illik yubiley münasibətilə təbrik edib. Çıxışda vurğulanıb ki, 2026-cı ildə bütün Türk dünyası türk xalqlarının mədəni və elmi inkişafında müstəsna rol oynamış I Bakı Türkoloji Qurultayının 100 illiyini qeyd edir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixi ilə müvafiq Sərəncamını xatırladan akademik G.Baxşəliyeva 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyasında tarixi mərhələ olduğunu, Qurultayda vahid latın qrafikalı əlifbaya keçid, dil, tarix, etnoqrafiya və ədəbiyyat kimi mühüm məsələlərin müzakirə edildiyini xatırladıb. Akademik sovet rejiminin repressiyaları nəticəsində qurultay nümayəndələrinin böyük əksəriyyətinin təqib olunmasına baxmayaraq, milli müstəqilliyin bərpasından sonra Türkoloji Qurultayın irəli sürdüyü ideyaların müasir dövrdə uğurla gerçəkləşdirildiyini qeyd edib. O, 1991-ci ildən sonra Azərbaycan şərqşünaslığının qarşısında yeni üfüqlər açıldığını, Şərq ölkələri ilə ictimai-siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələrin tədqiqi, yazılı abidələrin öyrənilməsi və nəşri, Şərq-Qərb sivilizasiyalararası münasibətlərinin araşdırılmasının əsas elmi istiqamətlərə çevrildiyini vurğulayıb.
Akademik G.Baxşəliyeva konfransda “Azərbaycanda türkologiya elminin inkişafı və türkdilli dövlətlərin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda türkologiya elminin keçdiyi inkişaf yolu və müasir dövrdə türkdilli dövlətlər arasında inteqrasiya və əməkdaşlıq perspektivləri geniş təhlil olunub. AMEA Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarından bəhs edən məruzəçi 1958-ci ildən fəaliyyət göstərən institutda Türkiyənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni inkişafı, kamalizm ideologiyası, respublikaçılıq, dünyəvilik, milli-azadlıq hərəkatı və ictimai düşüncə tarixi istiqamətində fundamental araşdırmaların aparıldığını bildirib.
Məruzədə Türk dünyasının inteqrasiyasını sürətləndirmək üçün bir sıra təkliflər irəli sürülüb. Bu sırada türk respublikalarının elmi, ədəbi və mədəni sahələrdə vahid fəxri adlarının və mükafatlarının təsis edilməsi, terrorçuluğa qarşı vahid mübarizə təşkilatının yaradılması təklifləri diqqətə çatdırılıb. Akademik G.Baxşəliyeva sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahələrində çoxtərəfli layihələrin reallaşdırılmasının, türk dövlətlərinin Ümumdünya Ticarət Təşkilatında və beynəlxalq maliyyə institutlarında mövqelərinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.