Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) texniki yardım missiyası çərçivəsində ekspertlər Mərkəzi Bankda olublar.
Bankdan AZƏRTAC-a bildirilib ki, missiya çərçivəsində Mərkəzi Bankda strateji planlaşdırma prosesinin təşkili, strateji risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin idarə edilməsi üzrə qərar qəbul etmə mexanizmləri, eləcə də strategiyaların icrası və monitorinqi üzrə mövcud yanaşmalar nəzərdən keçirilib.
Aparılan təhlillər və beynəlxalq təcrübə ilə müqayisəli müzakirələr əsasında qeyd olunan istiqamətlər üzrə təkmilləşdirmə imkanları müəyyənləşdirilib və müvafiq tövsiyələr təqdim edilib.
Missiyanın yekununda Mərkəzi Bankın sədr müavinləri Gülər Paşayeva və Əli Əhmədovun, eləcə də bir sıra struktur bölmələrin direktorlarının iştirakı ilə BVF nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə missiyanın əsas müşahidələri və ilkin nəticələri təqdim olunub, strateji idarəetmə və risklərin idarə edilməsi sahəsində institusional yanaşmaların təkmilləşdirilməsi, strategiyaların effektiv icrası və monitorinqinin gücləndirilməsi, eləcə də risklərin idarə edilməsi üzrə gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.