İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq
Bakı, 14 oktyabr, AZƏRTAC
Biz kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat, sosial infrastruktur, qida, ətraf mühit, bərk məişət tullantılarının idarə olunması, İKT və rəqəmsal inkişaf sahələrində əməkdaşlığa və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsinə hazırıq.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət lll Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, dövlət-özəl tərəfdaşlığı sahibkarlıq fəaliyyəti üçün əlverişli investisiya mühitinin yaradılmasında və bərabər, şəffaf satınalma proseslərinin həyata keçirilməsində mühüm alətdir.
“Bu sahədə siyasi iradənin nümayiş etdirilməsi həm investorlar, həm də dövlət qurumları üçün təşviqedici əhəmiyyət daşıyır. Dövlət-özəl tərəfdaşlığı yalnız ölkəyə xarici investorların cəlb olunması üçün əlverişli şərait yaratmır, həm də yerli bazarın beynəlxalq təcrübədən faydalanmasına, müasir bilik və bacarıqların yerli mütəxəssislər və kadrlar tərəfindən mənimsənilməsinə, eləcə də insan kapitalının inkişafına mühüm töhfə verir. Bizim ilk dövlət-özəl tərəfdaşlıq layihəmiz Xəzər dənizinin duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi layihəsidir. Bu layihənin müqaviləsini Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə imzaladıq, hazırda maliyyə danışıqları davam etdirilir. Bu, bizim ilk pilot layihəmiz hesab olunur”, - deyə Türkan Vüsət qeyd edib.