Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib
Gəncə, 14 oktyabr, AZƏRTAC
Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Serqeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki əhaliyə qarşı törətdiyi cinayətləri əks etdirən Gəncə Memorial Kompleksinə gələrək şəhidlərin xatirəsini ehtiramla anıblar. Onlar, həmçinin kompleksin ərazisində yaradılmış muzeylə tanış olub, burada nümayiş etdirilən eksponatlara baxıblar.
Şəhər gəzintisi zamanı nümayəndə heyətinin üzvləri Gəncənin sonuncu xanı Cavad xanın məqbərəsini də ziyarət ediblər.
Müxbir - Elcan Məmmədov