Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır
Bakı, 14 oktyabr, AZƏRTAC
Rəqabət risklərinin qabaqcadan müəyyənləşdirilməsi və əsaslandırılmış siyasət qərarlarının hazırlanması effektiv hüquqi çərçivə ilə yanaşı, həm də güclü elmi-analitik baza, peşəkar bilik və yüksək rəqabət mədəniyyəti ilə mümkündür. Bu baxımdan rəqabət qanunvericiliyinin səmərəli tətbiqi, bir tərəfdən, onun prinsiplərinin sahibkarlar və istehlakçılar tərəfindən düzgün başa düşülməsini, digər tərəfdən isə mürəkkəb bazar münasibətlərinə dair qərarların etibarlı məlumatlara və müasir iqtisadi təhlil metodlarına əsaslanmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov lll Milli Rəqabət Forumunda deyib.
Agentlik sədri qeyd edib ki, qurum tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi rəqabəti məhdudlaşdıran davranışların qarşısını almaq və sağlam rəqabət mədəniyyətini formalaşdırmaqdır: “Bu səbəbdən sahibkarların pozuntuları könüllü aradan qaldırması, qanunvericiliyin tələblərinə əvvəlcədən uyğunlaşması və agentliklə açıq dialoq aparması xüsusi əhəmiyyət daşıyır. Eyni yanaşma təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinin əvvəlcədən qiymətləndirilməsində və iqtisadi təmərküzləşmələrin rəqabətə təsirinin araşdırılmasında da əsas götürülür. Qarşıdakı dövrdə sahəvi tənzimləyicilər, aidiyyəti dövlət orqanları, elmi ictimaiyyət və biznes assosiasiyaları ilə əməkdaşlığı genişləndirməklə bu mexanizmlərin daha səmərəli tətbiqinə çalışacağıq”.
"Rəqabət siyasətinin yeni mərhələsində əsas hədəfimiz hüquqi və institusional islahatların ölkə iqtisadiyyatında praktik nəticələrini gücləndirməkdir. Milli Fəaliyyət Planında müəyyən edilmiş hədəf və tədbirlər bir-birini tamamlayır, eyni zamanda, dövlət qurumlarının, tənzimləyicilərin, biznesin və digər maraqlı tərəflərin bu prosesdə rolunu müəyyən edir. Bugünkü forum həmin prioritetlərin müzakirəsi, müxtəlif baxışların bölüşülməsi və qarşıdakı mərhələ üçün əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır. Əminəm ki, aparılacaq müzakirələr yeni tənzimləmə yanaşmalarının formalaşdırılmasına, rəqabət mühitinin daha da yaxşılaşdırılmasına və qurumlararası əməkdaşlığın inkişafına töhfə verəcək. Milli Fəaliyyət Planının ardıcıl icrasının sahibkarlığın və investisiya fəallığının artmasına, dövlət və özəl sektor arasında daha səmərəli iqtisadi münasibətlərin formalaşmasına və istehlakçı rifahının yüksəlməsinə xidmət edəcəyinə inanıram", - deyə E.Bağırov əlavə edib.