Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır
Bakı, 14 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən islahatlar ölkəmizin iqtisadi dayanqlılığının gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, sahibkarlıq və investisiya imkanlarının genişlənməsinə, dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verib və verməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov lll Milli Rəqabət Forumundakı çıxışında deyib.
O bildirib ki, bu siyasətin məntiqi davamı olaraq iqtisadi inkişafın yeni mərhələsində bazar institutlarının təkmilləşdirilməsi, özəl təşəbbüs üçün daha geniş imkanların yaradılması və sağlam rəqabət mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir: “Məhz dövlət başçısının strateji baxışının nəticəsi olaraq 2024-cü ildə "Rəqabət Məcəlləsi"nin qüvvəyə minməsi və Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin 2025-ci il 25 fevral tarixli Fərmanı rəqabət siyasətinin hüquqi və institusional əsaslarını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu çərçivədə rəqabət siyasətinin məqsədi bazarların səmərəli fəaliyyətini təmin edən institutların gücləndirilməsi, iqtisadi fəaliyyət üçün bərabər imkanların genişləndirilməsi, investisiya və innovasiyaları təşviq edən rəqabət mühitinin formalaşdırılması və nəticə etibarilə rəqabətin ölkənin dayanıqlı iqtisadi inkişafının əsas amillərindən birinə çevrilməsidir. Məhz bu strateji yanaşmanın davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə "Rəqabətin inkişafının və inhisarçı fəaliyyətin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı" da təsdiq edilib. Planın əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyaların artımını stimullaşdırmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır. Bu məqsədlə bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətində rəqabət neytrallığının gücləndirilməsi, bazar prinsiplərinin tətbiqi potensialı olan sahələrdə mərhələli keçid imkanlarının qiymətləndirilməsi, ölkə və regionlar üzrə rəqabət səviyyəsinin ölçülməsi, elmi və məlumat əsaslı tənzimləmənin inkişafı, rəqabət mədəniyyətinin yüksəldilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur”.
“Milli Fəaliyyət Planında müəyyən edilmiş bu hədəflərin həyata keçirilməsi rəqabətin iqtisadi inkişaf prosesində oynadığı roldan irəli gəlir. Sağlam rəqabət bazarlarda resursların daha səmərəli bölüşdürülməsinə, müəssisələrdə məhsuldarlığın və idarəetmə keyfiyyətinin yüksəlməsinə, innovasiya və yeni investisiyaların təşviqinə şərait yaradır”, – deyə Elnur Bağırov əlavə edib.