Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır
Bakı, 14 oktyabr, AZƏRTAC
Serbiyanın Belqrad şəhərində yerləşən Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutunun şöbə müdiri, doktor Maja Qrbiç İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində çıxış edib.
AZƏRTAC xəbər verir ki, M.Qrbiç AICT konfransının 20-ci dəfə təşkil olunmasının tədbirin iki onillik ərzində yüksək elmi səviyyəsini və praktiki əhəmiyyətini qoruyub saxladığının göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, sürətlə dəyişən texnoloji mühitdə belə bir beynəlxalq elmi platformanın davamlı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Maja Qrbiç bildirib ki, bu il Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu üçün də əlamətdardır. Belə ki, 2026-cı ildə institutun yaradılmasının 90, görkəmli alim və ixtiraçı Nikola Teslanın anadan olmasının isə 170 illiyi qeyd olunur.
O vurğulayıb ki, institut 1936-cı ildə Belqradda yaradılıb və Nikola Tesla özü müəssisənin onun adını daşımasına razılıq verib.
İnstitutun fəaliyyətindən danışan Maja Qrbiç qeyd edib ki, qurum ənənəvi olaraq enerji mühəndisliyi, enerjinin istehsalı, ötürülməsi və paylanması, süni intellekt, bərpaolunan enerji mənbələri, ətraf mühitin mühafizəsi və enerji sektorunda innovasiyalar kimi aktual mövzulara həsr olunan “Tesla Innovation Days” konfransını təşkil edir.
O, Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu adından iştirakçıları gələn il mayın 27-28-də Belqradda keçiriləcək 5-ci “Tesla Innovation Days” konfransına dəvət edib.
Maja Qrbiç bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunan 20-ci IEEE Beynəlxalq Konfransı yalnız İKT sahəsində deyil, həm də müasir dövrün mühüm problemlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.