Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Azad edilmiş ərazilərin iqtisadi inkişafı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi, yol-nəqliyyat, enerji, qaz və digər infrastrukturların inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.
“Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Qarabağda şəhərsalma, memarlıq, tikinti və infrastruktur sahələrində müasir tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiq olunması xüsusi əhəmiyyət kəsb edir. Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək”, - deyə o qeyd edib.
B.Hacıyev vurğulayıb ki, Xəzər İnşaat Həftəsi dünyanın bir çox ölkələrindən şirkətlərin, mütəxəssislərin və iş adamlarının bir araya gəlməsinə, yeni ideyaların və həll yollarının formalaşmasına əlverişli imkan yaradır.