Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Qarabağın bərpası və yenidən qurulması ilə yanaşı, regionda iqtisadi fəallığın artırılması, investisiyaların cəlb edilməsi və dayanıqlı şəhərsalma modellərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi mürəkkəb şəraitdə həyata keçirilir.
“Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması və yenidənqurma işlərinin aparılması bu prosesin əsas istiqamətlərindəndir. Azərbaycanın öz imkanları hesabına həyata keçirdiyi bərpa və quruculuq işləri gələcək üçün mühüm təcrübə yaradır. Regionun inkişafının qiymətləndirilməsində burada yaşayan insanlarla yanaşı, iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin sayının artması da mühüm göstəricidir”, - deyə o qeyd edib.
Fondun İdarə Heyətinin sədri vurğulayıb ki, Qarabağda iqtisadi marağın artırılması və investisiya imkanlarının genişləndirilməsi regionun gələcək inkişafına töhfə verəcək. Onun sözlərinə görə, ekoloji amillərin nəzərə alınması və dayanıqlı şəhərsalma modellərinin tətbiqi də vacibdir.