Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib
Paris, 14 oktyabr, AZƏRTAC
Fransa Milli Assambleyasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirələrinə başlanılıb. Sosialist Partiyasının sənədin rədd edilməsinə dair təklifi deputatların səsverməsi nəticəsində qəbul olunmayıb.
AZƏRTAC xəbər verir ki, səsvermədə təklifin lehinə 149, əleyhinə isə 236 deputat səs verib. “Horizons” və LIOT qrupları səsvermədən bir qədər əvvəl rədd təklifini dəstəkləməyəcəklərini bildiriblər.
Prezident Emmanuel Makronun hakimiyyəti dövründə qəbul ediləcək son büdcə layihəsinin əsas məqsədlərindən biri 2027-ci ildə büdcə kəsirini ümumi daxili məhsulun 5 faizi səviyyəsinə endirməkdir.
Hökumətin parlamentdə mütləq çoxluğu olmadığı üçün Baş nazir Sebastyan Lökornünün 2025-ci ildə olduğu kimi, Konstitusiyanın 49.3-cü maddəsinə müraciət etmək imkanı var. Bu maddə hökumətə müəyyən şərtlər daxilində qanun layihəsini səsvermə keçirmədən qəbul etdirmək imkanı verir, lakin hökumətə qarşı etimadsızlıq məsələsi gündəmə gələ bilər.
Dövlət hesabları üzrə nazir David Amiel 2025 və 2026-cı illərdə sosialistlərlə kompromislərin əldə edildiyini xatırladaraq, Sosialist Partiyasının sosial ədalətin gücləndirilməsi ilə bağlı tələblərinin müzakirə olunacağını bildirib.