Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür
Bakı, 14 oktyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində “Offshore Wind Türkiye 2026” tədbiri keçirilib. Tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev çıxış edib.
Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, çıxış zamanı şöbə müdiri Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətlər, Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan dənizdə külək enerjisi potensialı, bu sahənin inkişafına dair yol xəritəsi və gələcək perspektivlər barədə məlumat verib.
Qeyd olunub ki, Xəzər dənizinin Azərbaycan sektorunda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt təşkil edir. Bu potensialın səmərəli qiymətləndirilməsi, investisiyaların cəlb edilməsi və müvafiq infrastrukturun inkişafı Azərbaycanın enerji keçidi və yaşıl enerji ixracı hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Türkiyə arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq imkanları, texniki təcrübə mübadiləsi, birgə layihələrin inkişafı və regional yaşıl enerji dəhlizlərinin perspektivləri diqqətə çatdırılıb.
Azərbaycanın bərpaolunan enerji potensialından istifadənin reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin dayanıqlı enerji inkişafı strategiyasının əsas istiqamətlərindəndir.