Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir
Bakı, 14 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyası, onların şəxsi inkişafı və ictimai fəallığının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyi dövlətin müəyyən etdiyi vəzifələr çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xankəndi şəhərində müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil edir.
“Bu tədbirlər gənclərin cəmiyyətə inteqrasiyasına və şəxsi inkişafına töhfə verir. Beynəlxalq tədbirlərin təşkilində yerli gənclərin könüllü kimi iştirakına, eləcə də gənclərin tədbirlərə cəlb olunmasına üstünlük verilir. Ağdamda “İmarət” stadionunun yenidən qurulması, Xankəndidə stadionun yenilənməsi, eləcə də Füzuli və Cəbrayıl şəhərlərində idman komplekslərinin tikintisi istiqamətində işlər aparılır. Bu obyektlərin istifadəyə verilməsi gənclərin idmanla məşğul olması üçün yeni imkanlar yaradacaq”, - deyə o qeyd edib.
O, Qarabağda yaşayan gənclərin müxtəlif layihə və müsabiqələrdə iştirakının vacibliyini də vurğulayıb. Qeyd edib ki, iştirak könüllü əsasda olsa da, bölgə gənclərinin bu təşəbbüslərə daha fəal qoşulması arzuolunandır.