® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb
“Expressbank”ın aktivləri, kredit və depozit portfeli, eləcə də gəlirlilik göstəriciləri üzrə artım qeydə alınıb.
“Expressbank” ASC 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə bankın xalis mənfəəti 65,09 faiz artaraq 9,9 milyon manata, kredit portfeli 592,4 milyon manata, depozit portfeli isə 372,2 milyon manata çatıb.
Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 8,81 faiz artaraq 725,4 milyon manat təşkil edib. Müştərilərə verilmiş kreditlərin həcmi 7,76 faiz artaraq 592,4 milyon manata yüksəlib. Biznes kreditləri üzrə daha yüksək artım qeydə alınıb: bu portfel 11,92 faiz genişlənərək 223 milyon manata yaxınlaşıb. Kredit portfelində qeydə alınan artım “Expressbank”ın müştərilərinin maliyyə ehtiyaclarına çevik yanaşmasının və onların inkişaf təşəbbüslərinə dəstəyinin göstəricisidir.
Depozit portfelində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ümumi depozit portfeli 19,51 faiz artaraq 372,2 milyon manata, fiziki şəxslərin depozitləri isə 27,04 faiz artaraq 330 milyon manata çatıb. Fiziki şəxslərin depozitlərindəki artım müştərilərin “Expressbank”a göstərdiyi etimadı və bankın maliyyə xidmətlərinə olan marağı əks etdirən mühüm göstəricilərdən biridir. Bu dinamika bankın müştəriləri ilə uzunmüddətli münasibətlərinin inkişafı baxımından da əhəmiyyət daşıyır.
Bankın gəlirlilik göstəriciləri də müsbət dinamika nümayiş etdirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 15,75 faiz artaraq 70,2 milyon manata, xalis faiz gəliri isə 10,24 faiz yüksələrək 43,6 milyon manata çatıb. Əməliyyat mənfəəti 21 faiz artaraq 18,5 milyon manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 65,09 faiz artımla 9,9 milyon manata yüksəlib.
İnvestisiya və maliyyə əməliyyatları üzrə göstəricilərdə də artım qeydə alınıb. Ticarət və investisiya qiymətli kağızlarının həcmi 49,42 faiz artaraq 59,4 milyon manata çatıb. Banklar və digər maliyyə institutlarına yerləşdirilmiş depozitlərin həcmi 53,60 faiz, həmin institutlara verilmiş kreditlərin həcmi isə 75,7 faiz artıb.
Qeyd olunan nəticələr “Expressbank”ın müştəri etimadının gücləndiyini və maliyyə göstəricilərində müsbət dinamikanı əks etdirir. Bank müştərilərinə etibarlı maliyyə tərəfdaşı kimi dəstək göstərməyə və müştəriyönümlü xidmətlərini inkişaf etdirməyə davam edir.