Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Bakı, 14 oktyabr, AZƏRTAC
ADA Universitetinin rektoru Hafiz Paşayev İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində çıxış edib.
AZƏRTAC xəbər verir ki, rektor konfransın 20 illik yubileyini və ADA Universitetinin fəaliyyətinin 20 illiyini qeyd edərək iştirakçıları salamlayıb, tədbirin təşkilində əməyi olanlara və Azərbaycana gələn qonaqlara təşəkkürünü bildirib.
Hafiz Paşayev konfransın uzun illər ərzində davamlı keçirilməsinin onun elmi əhəmiyyətini və uğurunu təsdiqlədiyini vurğulayıb. O, beynəlxalq elmi əlaqələrin inkişafının vacibliyini qeyd edib.
Rektor çıxışında Nikola Tesla şəxsiyyətinə və onun elmi irsinə də toxunub. O, Bakıda Teslanın heykəlinin olduğunu xatırladaraq qonaqlara həmin abidəni ziyarət etməyi tövsiyə edib. Həmçinin heykəltəraş dostunun Teslanın büstünü hazırladığını bildirərək görkəmli alimin elm tarixindəki xüsusi yerini vurğulayıb.
Hafiz Paşayev konfrans iştirakçıları ilə söhbətindən bəhs edərək elmin müxtəlif istiqamətlərinin inkişafı və yeni universitetlərin yaradılması arasında əlaqəyə diqqət çəkib. O, Errol Beylə söhbətinin ona ruh verdiyini bildirərək elmi fəaliyyətin müxtəlif formalarda davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Rektor Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq imkanlarından danışaraq qonaqları Bakını daha yaxından tanımağa, eləcə də ADA Universitetinin fəaliyyəti ilə ətraflı maraqlanmağa dəvət edib.
O, Azərbaycan–İtaliya Universiteti çərçivəsində Turin Universiteti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Hafiz Paşayev müxtəlif universitetlərlə sıx əməkdaşlığın vacibliyini qeyd edərək ADA Universitetinin qarşılıqlı əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə açıq olduğunu bildirib.