Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib
Bakı, 14 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin nəzarətində olan yeraltı yanacaq anbarlarına, yanacaq çənlərinə və ixtisaslaşmış doklara zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, koalisiyanın Birgə Qüvvələr Komandanlığı husilərin hərbi ehtiyaclarını təmin etmək məqsədilə mülki obyektlərdən və həyati əhəmiyyətli resurslardan istifadə etdiyini müəyyən edib.
Bildirilib ki, əməliyyat çərçivəsində Dhamar, Səna və Əl-Hudeyda əyalətlərində yerləşən yeraltı ehtiyat anbarları, yanacaq çənləri və yanacaq daşınması üçün nəzərdə tutulan doklar, eləcə də Yəmənin paytaxtı Sənanın Əl-Sabah rayonundakı mərkəzi paylama stansiyası hədəfə alınıb.
Türki əl-Maliki qeyd edib ki, husilər bu obyektlərdən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və Qırmızı dənizdə kommersiya gəmiçiliyinə təhdid yaradan raket və pilotsuz uçuş aparatları arsenalının təchizatı üçün istifadə ediblər.
Koalisiya sözçüsü əməliyyatın planlaşdırılması zamanı beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin müdafiəsi üçün bütün mümkün tədbirlərin görüldüyünü vurğulayıb.
O, həmçinin husiləri hava limanları, dəniz limanları və neft obyektləri də daxil olmaqla, mülki infrastruktura hücumları dərhal dayandırmağa çağırıb.