Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) ilk dəfə sədrlik etməsi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq platformalarda fəallığının artması, Türk Dövlətləri Təşkilatı (TDT) və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin dərinləşməsi ölkənin geosiyasi mövqeyini daha da gücləndirir. Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan regional proseslərə təsir imkanlarını genişləndirməklə yanaşı, müxtəlif siyasi və iqtisadi mərkəzlər arasında əməkdaşlığın inkişafına töhfə vermək potensialını artırır.
Bu fikirləri türk ekspert Mehmet Emir Aksoy AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarını qorumaqla müxtəlif geosiyasi istiqamətlərdə balanslaşdırılmış münasibətlər qurmasıdır: “Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq, Avropa ölkələri ilə siyasi və iqtisadi əlaqələr, İslam dünyası ilə əməkdaşlıq, eləcə də Rusiya və ABŞ ilə münasibətlər Azərbaycanın beynəlxalq sistemdə manevr imkanlarını genişləndirir. Bu çoxşaxəli yanaşma ölkənin hər hansı bir güc mərkəzindən asılılığını azaltmaq və müstəqil qərarvermə imkanlarını qorumaq baxımından əhəmiyyətlidir. Azərbaycanın geosiyasi üstünlüklərindən biri onun mühüm nəqliyyat və enerji marşrutlarının kəsişməsində yerləşməsidir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhliz ölkənin tranzit potensialını artırmaqla yanaşı, onu beynəlxalq ticarət və logistika zəncirlərinin mühüm iştirakçısına çevirir. Şimal-Cənub nəqliyyat istiqamətindəki imkanlar da Azərbaycanın regional bağlantısallıq baxımından rolunu gücləndirir. Bu marşrutların inkişafı ölkəyə iqtisadi gəlirlər qazandırmaqla yanaşı, onun beynəlxalq tərəfdaşlar üçün strateji əhəmiyyətini artırır”.
M.E.Aksoy bildirib ki, TDT və Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşməsi Türk dünyasının əməkdaşlığını yeni mərhələyə çıxarmaq üçün əlverişli şərait yaradır. Siyasi dialoqun iqtisadi, nəqliyyat, enerji və ticarət layihələri ilə tamamlanması ortaq maraqların daha konkret nəticələrə çevrilməsinə imkan verir. Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik isə bu əməkdaşlığın qərb istiqamətində inkişafı üçün mühüm dayaqdır. Beləliklə, Bakı yalnız coğrafi baxımdan birləşdirici mövqeyə malik deyil, həm də Avrasiya məkanında əməkdaşlıq təşəbbüslərinin formalaşmasında iştirak edən aktor kimi çıxış edir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığı İslam dünyası ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda, 2028-ci ildə Avropa Siyasi Birliyi Zirvə toplantısına ev sahibliyi etməsi ölkənin Avropa ilə siyasi dialoqunu dərinləşdirmək baxımından əhəmiyyət daşıyır. Afrika ölkələri ilə diplomatik, iqtisadi və humanitar əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət coğrafiyasını genişləndirə bilər. Beynəlxalq platformalarda rəhbər vəzifələrin icrası ölkəyə ortaq gündəliyin formalaşdırılması, tərəflərin dialoqa cəlb olunması və qarşılıqlı maraqlara əsaslanan təşəbbüslərin irəli sürülməsi üçün əlavə imkanlar verir”.
Ekspert Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər ərzində regional əməkdaşlığa ciddi maneə yaratdığını xatırladaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra yaranmış yeni reallıqlar ölkənin diplomatik fəaliyyət imkanlarını genişləndirib. Bununla belə, mövcud şəraitin uzunmüddətli nəticələr verməsi üçün sülhün siyasi bəyanatlarla məhdudlaşmaması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əlaqələrin inkişafı ilə müşayiət olunması vacibdir. Nəqliyyat kommunikasiyalarının açılması, ticarət əlaqələrinin genişləndirilməsi və regional layihələrin həyata keçirilməsi Cənubi Qafqazın iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə şərait yarada bilər. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün əsas məsələ diplomatik fəallığı konkret iqtisadi və siyasi nəticələrlə əlaqələndirməkdir. Beynəlxalq təşkilatlarda təmsilçilik və rəhbərlik imkanları nəqliyyat infrastrukturunun inkişafı, enerji əməkdaşlığının genişləndirilməsi, investisiyaların cəlb edilməsi və regional təhlükəsizliyin gücləndirilməsi ilə tamamlandıqda daha dayanıqlı təsir yaradır. Bu baxımdan, Azərbaycan həm regional sabitliyin möhkəmləndirilməsində, həm də Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynaya bilər”.
Ekspert sonda qeyd edib ki, Azərbaycanın qarşısında duran əsas vəzifə əlverişli coğrafi mövqeyini və artan beynəlxalq nüfuzunu uzunmüddətli strateji üstünlüklərə çevirməkdir. Bunun üçün regional sülhün möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-logistika layihələrinin davamlı inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq platformalardakı fəallığının real nəticələrlə möhkəmləndirilməsi ölkənin müstəqil xarici siyasətini gücləndirməklə yanaşı, regionda əməkdaşlıq və iqtisadi inkişaf üçün də yeni perspektivlər aça bilər.
Müxbir - Səbinə Əlizadə