Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
Bakı, 13 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı OPEC-ə ötən ay neft hasilatının üçdəbir nisbətində artaraq 30 ildən çox müddətdə müşahidə edilən ən aşağı səviyyədən bərpa olunduğunu bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ər-Riyad təşkilata hasilatın təxminən 2 milyon barel artaraq gündəlik 8 milyon 372 min barelə çatdığını açıqlayıb. Bu həcm hələ də İranla münaqişədən əvvəl səviyyələrdən xeyli aşağıdır.
Yaxın Şərqdən neft ixracı ötən ay müharibədən əvvəlki səviyyələrə doğru bərpa olunub, çünki regiondakı istehsalçılar əsas tranzit nöqtəsi olan Hörmüz boğazından axınları gücləndirə bilib. Səudiyyə Ərəbistanı, həmçinin Yəməndə husilər tərəfindən hədəfə alındıqdan sonra ixracı Qırmızı dənizə yönləndirməyə imkan verən vacib bir boru kəmərində axını bərpa edib. Bu bərpanın İranın su yolundan keçən tankerlərə son hücumlarının artmasına və ya husilərin artan düşmənçilik hərəkətlərinə nə qədər tab gətirib-gətirməyəcəyi hələ də məlum deyil.
Bundan başqa, OPEC bu il qlobal neft tələbatının artım proqnozunu iki dəfə azaldaraq gündəlik 200 min barelə endirib. OPEC üzrə ümumi neft istehsalı sentyabrda 920 min barel artaraq gündəlik 25 milyon 970 min barelə çatıb. Səudiyyə Ərəbistanı və İraqda neft hasilatındakı artımlar isə digər ölkələrdəki azalmaları kompensasiya edib.