Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov
Bakı, 13 oktyabr, AZƏRTAC
Təhsil millətin gələcəyini müəyyənləşdirən strateji istiqamətdir və bu sahədə mövcud qaydalara əməl olunması vacibdir.
Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov bildirib. O qeyd edib ki, gələcəyə aydın və mütərəqqi düşüncə ilə baxmağı öyrədən məktəb, ilk növbədə, bilik və tərbiyə məkanıdır. Burada gənc nəslin dünyagörüşünün formalaşması, layiqli vətəndaş kimi yetişməsi, milli və mənəvi dəyərlərin mahiyyətini dərk etməsi üçün əsaslar yaradılır.
“Biz gələcəyə aydın və mütərəqqi fikirlərlə baxmalıyıq. Bunu məktəb öyrədir. Məktəb dini inancların və atributların nümayiş etdirildiyi məkan deyil. Öyrənmək, layiqli vətəndaş olmaq, dəyərlərimizin mütərəqqi mahiyyətini, cəmiyyətdəki yerini və rolunu dərk etmək də məhz burada formalaşır”, – deyə Sənan Həsənov bildirib. Onun sözlərinə görə, hicabla bağlı məsələnin təhsil mühitində yersiz müzakirə predmetinə çevrilməsi şagirdlər arasında çaşqınlıq yaratmaq riski daşıyır. Təhsil dövlətin və millətin strateji düşüncə mənbəyi olduğundan, bu sahədə müəyyən edilmiş qaydalar hüquqi çərçivədə həyata keçirilməlidir.
Alim vurğulayıb ki, Azərbaycanda təhsil hüquqi, demokratik və dünyəvi dövlət prinsiplərinə uyğun şəkildə inkişaf edir: “Dini etiqad azadlığı da qanunvericiliklə qorunur və cəmiyyətdə dini inanclara, onların mənəvi dəyərlər sistemindəki roluna daim hörmətlə yanaşılır. “Bunu hamımız bilməliyik ki, Azərbaycanda təhsil hüquqi, demokratik və dünyəvi dövlətin tələb etdiyi qayda və normalara uyğun olaraq davamlı inkişaf edir. Təhsilverənlərin və təhsilalanların vahid geyim qaydalarına uyğun təmsil olunması onların cəmiyyətdə nümunə olmalarına, gələcəyin strateji qurucuları kimi yetişmələrinə xidmət edir”.
O əlavə edib ki, vahid geyim qaydalarına riayət olunması təhsil mühitində nizam-intizamın, məsuliyyətin və ümumi məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir. Eyni zamanda, dini inanclara hörmət və vicdan azadlığının qorunması cəmiyyətin mənəvi bütövlüyünün mühüm tərkib hissəsidir. Sənan Həsənovun sözlərinə görə, əsas məqsəd təhsil müəssisələrində sağlam, dünyəvi və mütərəqqi təhsil mühitini qorumaq, gənc nəslin elmi biliklərə yiyələnməsinə və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişməsinə nail olmaqdır.