Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanda orta məktəblərdə baş verən proseslərə münasibət bildirərkən əsas məsələni düzgün müəyyənləşdirmək lazımdır. Söhbət dini inanclara qarşı mübarizədən deyil, normal tədris prosesinin təmin olunmasından, qanunvericiliyin tələblərinin yerinə yetirilməsindən və məktəbin öz təyinatına uyğun fəaliyyət göstərməsindən gedir. Məktəbli forması ilə bağlı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaların icrası da bu kontekstdə qiymətləndirilməlidir. Qaydalar bütün şagirdlərə bərabər, hüquqi əsaslarla və ayrı-seçkiliyə yol verilmədən tətbiq olunmalı, məsələ süni şəkildə dini qarşıdurma müstəvisinə keçirilməməlidir.
Azərbaycan dünyəvi dövlətdir və dünyəvilik dinə qarşı olmaq demək deyil. Dövlət vətəndaşların dini etiqad azadlığına hörmətlə yanaşmalı, onların hüquqlarını qorumalıdır. Azərbaycanda baş örtüyünə ümumi qadağadan söhbət gedə bilməz. Bununla yanaşı, şəxsi dini azadlıqlarla təhsil müəssisələrində müəyyən edilmiş qaydalar fərqləndirilməli və hər bir konkret məsələ qanunvericilik əsasında həll olunmalıdır. Əsas prinsip dini inanclara hörmətlə yanaşmaqla yanaşı, təhsilin dünyəvi xarakterini və məktəbdə nizam-intizamı qorumaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov ifadə edib.
O qeyd edib ki, məktəb yalnız bilik verən deyil, həm də gələcək vətəndaşların dünyagörüşünü formalaşdıran mühüm ictimai institutdur. Buna görə də milli-mənəvi dəyərlərin, Azərbaycan ailə modelinin, milli kimliyin və vətənpərvərlik ruhunun qorunması təhsil siyasətinin vacib istiqamətlərindən biri olmalıdır. Dünyəviliklə milli dəyərlər bir-birinə zidd deyil. Əksinə, elmi düşüncəyə, hüquqa hörmətə, ailə məsuliyyətinə və milli kimliyə əsaslanan təhsil cəmiyyətin sağlam inkişafına xidmət edir.
“Bu baxımdan məktəbin dini-siyasi qarşıdurmaların və ideoloji eksperimentlərin məkanına çevrilməsinə yol verilməməlidir. Uşaqların dini simvollardan istifadə edilməklə siyasi məqsədlərə yönləndirilməsi, onların yaş xüsusiyyətlərinə uyğun olmayan radikal ideyaların təsiri altına salınması ciddi narahatlıq doğurur. Burada mühüm məqam ondan ibarətdir ki, dini inanc və ya dini simvol özlüyündə radikallıq göstəricisi deyil. Təhlükə uşaqlara nifrət, dözümsüzlük, zorakılıq və qanunlara qarşı çıxmaq düşüncəsinin aşılanması, onların manipulyasiya vasitəsinə çevrilməsi zamanı yaranır. Belə halların qarşısı konkret faktlara əsaslanan hüquqi tədbirlər, maarifləndirmə və ailə-məktəb əməkdaşlığı ilə alınmalıdır”, - deyə deputat bildirib.
Məktəb dini qarşıdurmanın deyil, müstəqil düşüncənin məkanıdır
Vüqar İskəndərov hesab edir ki, ölkədə baş verən hadisələrin mümkün xarici təsirlərlə əlaqəsi də obyektiv araşdırılmalıdır. Proseslərin mərkəzləşdirilmiş şəkildə təşkil olunması, xaricdən idarə edilməsi və ya dini-siyasi məqsədlərlə körüklənməsi barədə əsaslı şübhələr varsa, bunlar konkret sübutlarla yoxlanılmalıdır. Bununla belə, Azərbaycanın təhsil sisteminin və uşaqlarının xarici siyasi-ideoloji təsirlərin alətinə çevrilməsinin qarşısının alınması milli maraqlar baxımından prinsipial əhəmiyyət daşıyır. Məktəblərdə və ictimai mühitdə aqressiya, təhdid, zorakılıq, təxribat və qanun pozuntuları isə motivindən asılı olmayaraq hüquqi qiymətləndirilməlidir. Heç bir dini və ya siyasi baxış qanunu pozmağa, başqalarına təzyiq göstərməyə və tədris prosesinə mane olmağa haqq qazandıra bilməz.
“Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinin, milli-mənəvi dəyərlərinin və təhsil mühitinin qorunması vahid məqsədə - sağlam düşüncəli, milli kimliyinə bağlı, hüquqlarını və vəzifələrini dərk edən vətəndaşların yetişdirilməsinə xidmət etməlidir. Məktəb dini qarşıdurmanın, siyasi manipulyasiyanın və ideoloji müdaxilənin deyil, bilik, tərbiyə, vətənpərvərlik və müstəqil düşüncənin məkanıdır. Bu prinsipin qorunması dövlətin, təhsil sisteminin, ailənin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.